OYU - loader

“Azərbaycan repressiya qurbanlarına Heydər Əliyevin qayğısı” adlı tədbir keçirilib

Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycanın görkəmli şairi, dramaturqu Hüseyn Cavidin anadan olmasının 136-cı illiyinə həsr edilmiş “Azərbaycan repressiya qurbanlarına Heydər Əliyevin qayğısı” adlı tədbir keçirilib.
Tədbirdə qeyd edildi ki, Ümummilli Lider Heydər Əliyev unudulmaz dramaturqun yaradıcılığını çox yüksək dəyərləndirmişdir. H.Cavid Azərbaycanda XX əsrin əvvəllərində meydana gələn, lakin qısa müddətdə ciddi yaradıcılıq uğurları ilə ədəbiyyatımızda mühüm ədəbi bir cərəyan olduğunu sübut edən romantizmin görkəmli nümayəndələrindən biri, dramaturgiyamızda isə bu cərəyanın ən parlaq siması olub. Hüseyn Cavidi ədəbiyyat tarixində ən çox məşhurlaşdıran və ona böyük şöhrət qazandıran dram əsərləridir. O, Azərbaycan romantik mənzum dramaturgiyasının görkəmli yaradıcısı və banisidir. “Gülçin” təxəllüsü ilə şeirlər yazmaqla bədii yaradıcılığa başlayan H.Cavid 1910-cu ilin əvvəllərində artıq “Ana” pyesini yazır. Beləliklə, ədəbiyyatımızda mənzum dram janrında ilk əsər doğulur. Ədibin dramaturgiya sahəsində ilk qələm təcrübəsi olmasına baxmayaraq, “Ana” mənzum dramında H.Cavid kəskin həyati konflikt əsasında canlı insan surətləri, Səlma kimi ana xarakteri yaratmağa müvəffəq olub. 


Sonra Odlar Yurdu Universitetinin tələbələrinin hazırladığı “İblisin intiqamı” və “İblis” əsərindən bir hissə nümayiş etdirildi və tamaşa tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

Daha sonra Bakı Humanitar Kollecin tələbəsi və S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının şagirdi Hüseyn Cavidin şeirlərini söylədilər.

Sonda Nərimanov rayon məktəbliləri arasında “Azərbaycan repressiya qurbanlarına Heydər Əliyevin qayğısı” mövzusunda keçirilmiş inşa-yazı müsabiqəsində fərqlənmiş və qalib gəlmiş şagirdlər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırıldı.