OYU - loader

Odlar Yurdu Universitetində bu il məzun olacaq tələbələrlə görüş keçirilmişdir

Odlar Yurdu Universitetində bu il məzun olacaq tələbələrlə görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev dövlətin gənclərə göstərdiyi diqqət və qayğısından danışmışdır.  Rektor Odlar Yurdu Universitetində təhsilin təşkilinin elmdə yüksək nəticələrin əldə olunması, gənc alimlərin yetişdirilməsi, Azərbaycan elminin və təhsilinin hərtərəfli inkişafı baxımından vacibliyini ifadə etdi. Tələbələrin əldə etdikləri nəzəri bilikləri təkmilləşdirmək, gənc alim və tədqiqatçıların elmi fəaliyyətə cəlb edilməsi, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, gənc alimlərin innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi və yaradıcılıq imkanlarının tam reallaşdırılması üçün elmi mühitdə-elmi-tədqiqat institutlarında, müvafiq laboratoriyalarda, istehsalat sahələrində təcrübə keçməsinin vacibliyini vurğulayan Əhməd Vəliyev qeyd etdi ki, tələbələrin dünyanın inkişaf etmiş ölkələrinin elmi-tədqiqat, təhsil və istehsalat müəssisələrində təcrübə keçmələri üçün əməkdaşlıq əlaqələri qurulur, birgə layihələr həyata keçirilir.

Rektor həmçinin elmə böyük marağı olan, elmi fəaliyyətini davam etdirmək niyyətində olan tələbələri elmi fəaliyyətlə məşğul olmağa, təhsillərini davam etdirməyə çağırdı: “Elmin inkişafı zəminində güclənən müasir Azərbaycan təhsili bu gün milli–mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanır. Elmi–texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində işlərin aparılması bu gün magistratura və doktorantura təhsilinə verilən tələblərdə də ciddi islahatlar aparılmasını tələb edir. Odlar Yurdu Universitetində elmi araşdırmalar və yüksək ixtisaslı elmi və elmi–pedaqoji kadrların məqsədli hazırlığına xüsusi yer verilir. Bizim ali məqsədimiz magistrların artıq təhsil aldıqları müddətdə elmi–tədqiqat institutlarının laboratoriyalarında dəyərli elmi nəticələr əldə etməsinə köməklik göstərmək, innovativ ideyalı və müasir təfəkkürlü gənc alimlər hazırlamaqdır”.

Görüşdə tələbələrin iş məsələsi, xarici dil öyrənmək, təcrübələrdə iştirak etmək və başqa sualları cavablandırılmışdır.