OYU - loader

Odlar Yurdu Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Odlar Yurdu Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. İlk öncə tədbir iştirakçıları universitetin foyesində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir öz işinə başladı. Tədbiri giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev iştirakçıları salamlayaraq, onlara Azərbaycan dövlətinin qurucusu, memarı olan Heydər Əliyevin şərəfli həyat yolundan, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə əldə olunan uğurlardan, müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində Ulu Öndərin müstəsna xidmətlərindən danışıb.
Daha sonra çıxış edən tələbələr bildirdilər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat–qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi xalqın müstəqilliyini möhkəmləndirmiş və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırılıb.
Daha sonra Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin tələbələri arasında keçirilən Breyn-Rinq məntiq və bilik yarışının qalibləri kubok və Fəxri Fərmanla təltif olundular.