OYU - loader

“Startapa necə başlamalı: iqtisadi, hüquqi və təşkilati əsaslar” mövzusunda treninq keçirilmişdir

Odlar Yurdu Universitetində “Startapa necə başlamalı: iqtisadi, hüquqi və təşkilati əsaslar” mövzusunda treninq keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev bildirmişdir ki, bu gün ölkəmizdə qısa müddət ərzində gənc sahibkarlara və biznes qurmaq istəyən gənclərə əlverişli biznes mühiti formalaşdırılmış, müvafiq qanunvericilik bazası təkmilləşdirilmiş, sahibkarlıq subyektlərinin fəaliyyəti üçün zəruri şərait yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə biznes mühitinin daha da təkmilləşdirilməsi, rəqabət qabiliyyətinin artırılması, eləcə də özəl sektorun fəaliyyətində dövlət xidmətlərinin əlçatanlığının və keyfiyyətinin artırılması, operativliyin və şəffaflığın təmin edilməsi məqsədilə peşəkar təcrübəyə söykənən iqtisadi islahatlar sistemli şəkildə həyata keçirilir. Xüsusilə də biznesə başlamaq üçün ölkəmizdə gənclərə böyük imkanlar yaradılmışdır.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov qeyd etmişdir ki, bu gün dövlət tərəfindən özəl sektorun hərtərəfli dəstəklənməsi məqsədilə müxtəlif yardım və təşviq mexanizmləri tətbiq edilir. Bu zərurəti nəzərə alaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Vergilər Nazirliyi ilə birgə Odlar Yurdu Universitetinin tələbələri üçün “Startapa necə başlamalı: iqtisadi, hüquqi və təşkilati əsaslar” mövzusunda treninq keçirməyi qərara almışdır.

Daha sonra “Enterprise Azerbaijan” portalının əməkdaşı, ALMA Consulting Şirkətinin direktoru  Habil Əhmədov, “Enterprise Azerbaijan” portalının rəhbəri Aytən Məmmədova məruzələrlə çıxış etmişdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.