OYU - loader

Odlar Yurdu Universitetində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

Tədbirdə ali təhsil ocağının tələbə və müəllim heyəti, həmçinin müxtəlif universitetlərin tələbələri də iştirak edib.

İlk öncə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş insanların və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törədikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədilə işlərə başlanılıb. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsl iç üzü göstərilir.

Daha sonra Odlar Yurdu Universiteti və Odlar Yurdu kollecinin tələbələrinin iştirakı ilə “Qisas” adlı tamaşa nümayiş olunub.

Tamaşa bitdikdən sonra Odlar Yurdu Universitetinin TGT sədri Gülbəniz Cəfərova “Xocalı mənim baxışımla” adlı inşa-yazı müsabiqəsinin və rəsm sərgisinin qaliblərini elan etdi, qaliblər Fəxri Fərmanla təltif olundu.