OYU - loader

31 mart soyqırımı ilə bağlı tədbir keçirilmişdir

Odlar Yurdu Universitetində 31 mart soyqırım hadisələrinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin tələbələrinin hazırladıqları sərgiyə baxdıqdan sonra Tələbə Elmi Cəmiyyətinin sədri Arzu Cəfərzadə tədbiri açıq elan edərək, soyqırım qurbanlarının və ümumilikdə Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərin ruhlarını 1 dəqiqəlik sükutla yad etmişdir. 

Soyqırıma həsr olunmuş qısa film nümayiş olunduqdan sonra 31 Mart-Azərbaycanlıların soyqırımı Günü ilə bağlı öz fikirlərini söyləmək üçün söz universitetin rektoru professor Əhməd Vəliyevə verilmişdir. Əhməd Vəliyev soyqırım hadisələrinin Azərbaycan xalqının tarixində tutduğu yerdən, əhəmiyyətindən söhbət açmışdır. O, qeyd etmişdir ki, 1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı günlərdə Şamaxı, Quba və digər yerlərdə on minlərlə azərbaycanlı qəddarlıqla öldürülmüş, yaşayış məntəqələri, məscidlər, mədəniyyət abidələri yerlə-yeksan edilmişdir. 1918-1920-ci illərdə Qarabağ, Qərbi Azərbaycan və digər bölgələrdə on minlərlə soydaşımız amansızlıqla qətlə yetirilmişdir. 1988-ci ildə ermənilərin başladığı müharibə nəticəsində isə minlərlə insan öldürülmüş, torpaqlarımızın 20 faizi işğal edilmiş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir.

Daha sonra tələbələr arasında keçirilmiş bədii qiraət, inşa-yazı, divar qəzeti, rəsm və “gənc yazarlar” müsabiqəsinin qalibləri Fəxri Fərmanla təltif olunmuşdur.

Tədbir tələbələrin çıxışları ilə davam etmişdir. Çıxış edənlər bildirmişdir ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bu cinayətlər və həyata keçirdikləri işğalçılıq siyasəti ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı  “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda tam əksini tapmış və bunun sayəsində soyqırıma siyasi və hüquqi qiymət vermək mümkün olmuşdur.