OYU - loader

İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydın Odlar Yurdu Universitetində qonaq olub

İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydın və onun rəhbərlik etdiyi nümayəndə heyəti Odlar Yurdu Universitetində qonaq olub.

Qonaqları qəbul edən Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev universitet barədə ətraflı məlumat verib. O, Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlıqdan, birgə proqram və layihələrdən, tələbə-müəllim mübadiləsinin mümkünlüyündən bəhs edib. Həmçinin Odlar Yurdu Universitetinin İstanbul Aydın Universiteti ilə beynəlxalq münasibətlər, texniki araşdırmalar və digər sahələrdə əməkdaşlığından danışıb.

Öz növbəsində Mustafa Aydın da Odlar Yurdu Universiteti ilə əməkdaşlıq etməkdən çox məmnun olduğunu bildirib. Qonaq təhsil ocaqları arasında ikitərəfli sıx əlaqələrin faydalı olacağına əminliyini vurğulayıb. Görüş zamanı iki universitet arasında tələbə mübadiləsi, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıq yardım, birgə elmi rəhbərlər, ikili diplom, qabaqcıl metodlar sahəsində təcrübə mübadiləsi, birgə simpozium, seminar və konfransların təşkili,  ikitərəfli elmi istiqamətlər və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin iştirakı barədə müzakirələr aparılıb.

Daha sonra qonaq öz hədiyyəsini təqdim edib. Görüşün yekunu olaraq, qonaqlar üçün Odlar Yurdu Universitetinə və Odlar Yurdu Universitetinin nəzdində fəaliyyət göstərən və İngiltərə tədris sisteminə uyğun təhsil verən “British School in Baku” (BSB)-ya ekskursiya təşkil olundu. Ekskursiya zamanı qonaqlar Odlar Yurdu Universitetinin Bakı şəhərinin mərkəzində müasir tələblərə cavab verən kampusu, ixtisaslar üzrə müasir avadanlıqlarla təmin edilmiş auditoriyaları, laboratoriya və fənn kabinetləri, akademik Zərifə Əliyeva adına tibb muzeyi, texnopark, konfrans zalı və toplantı mərkəzləri, komputer zalı, müasir kitabxanası, yeməkxanaları, idman zalları, tibb məntəqəsi, stadionu ilə tanış oldular və universitetdən xoş təəssüratla ayrıldılar.