OYU - loader

“Aprel döyüşləri bizim şanlı tariximizdir” adlı tədbir keçirilib

Odlar Yurdu Universitetinin iclas zalında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə 2016-cı ilin aprel döyüşlərinə həsr olunmuş “Aprel döyüşləri bizim şanlı tariximizdir” adlı tədbir keçirilib.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, universitetin müəllim heyəti və tələbələri, orta ümumtəhsil məktəblərinin nümayəndələri və şagirdlər iştirak etmişlər.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev tədbir iştirakçılarını salamladılar, “Aprel döyüşləri bizim şanlı tariximizdir” mövzusunda keçirilmiş inşa və rəsm müsabiqəsində qalib gəlmiş şagirdləri təbrik etdilər və 2016-cı ilin aprel ayında mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı hücumun qarşısının mütəşəkkil və yenilməz Azərbaycan Ordusu tərəfindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində qətiyyətlə alındığını, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının rəşadətlə məhv edilərək düşmənin qorxu içində geri çəkildiyini və nəticə etibarı ilə işğal altında olan mövqelərin düşməndən azad edilərək silahlı qüvvələrimizin daha əlverişli üstün mövqelərə sahib olduğunu deyən natiqlər, erməni qəsbkarlarına bir qarış torpaq belə güzəştə getməyən güclü ordumuzun əldə etdiyi bütün bu nailiyyətləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəbərliyi altında günü-gündən inkişaf edən, maddi-texniki bazası gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin və bütövlükdə bütün xalqımızın növbəti uğuru və qələbəsi kimi dəyərləndirdi.

Daha sonra Əhməd Vəliyev Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli mənlik şüurunun inkişafı istiqamətində xidmətlərinə görə Nəcəf Novruzovu universitetin Fəxri Diplomu ilə təltif etdi.

Sonra çıxış edən şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev tədbir təşkilatçılarına təşəkkürünü bildirdi və Mahirin həyatı haqqında məlumat verdi. Şəhidin atası bildirdi ki, əsgər Mahir Mirzəyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Mahir Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Qeyd edək ki, müsabiqədə 18 orta ümumtəhsil müəssisəsindən 78 nəfər məktəbli iştirak etmişdir. Onlardan inşa-yazı müsabiqəsində I yeri 34 saylı məktəbin şagirdi Muxtarova Zeynəb və 82 saylı məktəbin şagirdi Abbasova Şəms, II yeri S.C.Pişəvəri adına Humanitar Fənclər Gimnaziyasının şagirdi Məmmədov Nizami və 258 saylı məktəbin şagirdi Həsənova Pərvin, III yeri isə 73 saylı məktəbin şagirdi Əliyeva Səmadə, 177 saylı məktəbin şagirdi Əliyeva Atlas və 193 saylı məktəbin şagirdi Babayev Rizvan, rəsm müsabiqəsində isə 291 saylı Ekologiya liseyin şagirdi Əhədova Diana, 207 saylı məktəbin şagirdi Əsgərova Ceyran, III yeri isə 177 saylı məktəbin şagirdi Nəsirli Səbinə tutmuşlar.

Sonda inşa və rəsm müsabiqəsində fərqlənmiş və qalib gəlmiş şagirdlər İdarə tərəfindən müvafiq dərəcəli diplom və hədiyyələr ilə təltif olunublar.