OYU - loader

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96–cı ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib

Odlar Yurdu Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Beynəlxalq elmi-praktiki konfrans keçirilib. İlk öncə konfrans iştirakçıları universitetin foyesində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Daha sonra Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra beynəlxalq elmi-praktiki konfrans öz işinə başladı. Konfransı giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev iştirakçıları salamlayaraq, onlara Azərbaycan dövlətinin qurucusu, memarı olan Heydər Əliyevin şərəfli həyat yolundan, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə əldə olunan uğurlardan, müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində Ulu Öndərin müstəsna xidmətlərindən danışıb. Rektor vurğuladı ki, bu gün konfransda respublikanın müxtəlif ali məktəblərindən və elmi müəssisələrindən, həmçinin xarici ölkələrdən çoxlu sayda qonaqlar iştirak edirlər.

Daha sonra çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Yaxın Doğu Universitetinin prorektoru, professor Fəxrəddin Məmmədov Odlar Yurdu Universiteti haqqında öz təəssüratlarını bölüşüb, bu müəssisənin yüksək potensiallı kadrlar yetişdirdiyini və tələbələrə göstərilən diqqət və qayğının çox yüksək səviyyədə olduğunu vurğulayıb. Konfransın əhəmiyətindən danışan qonaq qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır.

Daha sonra Əhməd Vəliyev Fəxrəddin Məmmədovu Odlar Yurdu Universitetinin Fəxri qonaq Diplomu ilə təltif edib.

Sonra çıxış edənlər vurğuladılar ki, Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, Ümummilli lider Heydər Əliyevdən sonra hakimiyyətə, sözün həqiqi mənasında, onun layiqli davamçısı, siyasi və mənəvi varisi gəldi. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin nümunəvi fəaliyyəti sayəsində Azərbaycan möhtəşəm uğurlar əldə etdi. Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunu zənginləşdirərək, ona müasir dövrə uyğun çalarlar verərək Azərbaycanı uğurla parlaq gələcəyə aparır.

Konfransın rəsmi hissəsi yekunlaşdıqdan sonra Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin tələbələrinin iştirakı ilə Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş bədii hissə nümayiş olunub.