OYU - loader

OYU-da “Tədrisin yeni keyfiyyət standartı” – “Elektron Universitet” modeli

“Tədrisin yeni keyfiyyət standartı” – “Elektron Universitet” modeli adlı növbəti görüş keçirilib.

İlk öncə çıxış edən Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev vurğuladı ki, ali məktəb insan gücü yetişdirir və bilik istehsal edir. Ona görə ali məktəbin səviyyəsi bir tərəfdən bu prosesin nə dərəcədə dəqiq və səlist işləməsi ilə, digər tərəfdən isə prosesin nəticəsi ilə, yəni məzun­ların səviyyəsi ilə, verilən diplomun gücü ilə müəy­yən edilir. Ali məktəb tədris prosеsindəki imtahan­lar silsiləsi və digər tələbatlar ilə tələbənin məzuna, yəni mütəxəssisə çеvrilməsi yolunda sanki süzgəc­lər qoymuş olur. Ali məktəbin gücü və səviyyəsi bu süzgəclər silsiləsinin ciddiliyi və dəqiqliyi ilə birba­şa bağlıdır və bu, təhsildə keyfiyyətin yüksəldilməsinin əsas yoludur.

Odlar Yurdu Universitetində Keyfiyyətin Təminatı Mərkəzinin yaradılmasında məqsəd  dünya təcrübəsindən yararlanaraq universitetdə təhsilin keyfiyyətini yüksəltmək və ümumilikdə Azərbaycanda bu prosesin həyata keçirilməsinə dəstək olmaqdan ibarətdir.

Tədbirdə yeni təhsil texnologiyalarının ali təhsildə tətbiqi, təhsil keyfiyyətinin təmin olunmasında Avropa standartlarının, ikili təhsil proqramlarının rolu məsələləri müzakirə edilib.

Daha sonra universitet əməkdaşlarına yeni modelin xüsusiyyətləri ilə bağlı təqdimat keçirilib. Bildirilib ki, sadə iş prinsipindən ibarət olan sistemin bazasına tələbələr, müəllimlər, məzun bazası haqqında məlumat yerləşdirilərək, dərs cədvəlləri, fənn üzrə qruplar, fənlərin təqvim-tematik planları, tələbələrin fərdi tədris proqramları daxil ediləcək. Sistem daxilində eyni zamanda müəllim və tələbələrin şəxsi kabineti, imtahan sistemi bölmələri də yaradılacaq.