OYU - loader

British Council təşkilatının ölkə üzrə direktoru Samr Şah və onun rəhbərlik etdiyi nümayəndə heyəti Odlar Yurdu Universitetində qonaq olub

British Council təşkilatının ölkə üzrə direktoru Samr Şah və onun rəhbərlik etdiyi nümayəndə heyəti Odlar Yurdu Universitetində qonaq olub. Qonağı qəbul edən Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev qonaqlara universitet barədə ətraflı məlumat verib. O, bildirdi ki,  Odlar Yurdu Universiteti yarandığı gündən etibarən tədris prosesində ən müasir beynəlxalq texnologiyalardan istifadə etməyə çalışmışdır. Bu istiqamətdə universitet dünyanın bir sıra ölkələri və aparıcı ali təhsil müəssisələri ilə  mühüm əməkdaşlıq müqaviləsi imzalamışdır.  Fəaliyyətinin daha da inkişafı baxımından təhsilə xüsusi qayğısı ilə seçilən aparıcı şirkətlər ilə korporativ əməkdaşlığın da mühüm rol oynadığını qeyd edən Əhməd Vəliyev British Council təşkilatı ilə əməkdaşlıqdan, birgə proqram və layihələrdən, tələbə-müəllim mübadiləsinin mümkünlüyündən bəhs etdi.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edən S.Şah bu görüşün onun üçün böyük şərəf və qürurverici olduğunu deyərək, Odlar Yurdu Universitetinin inkişafı, universitetin beynəlmiləlləşdirmə siyasəti və bu universitet ilə əməkdaşlıq maraqlarından danışdı. Həmçinin Odlar Yurdu Universitetinin British Council təşkilatı ilə beynəlxalq münasibətlər, texniki araşdırmalar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi və ikitərəfli sıx əlaqələrin faydalı olacağına əminliyini vurğuladı.

Görüş zamanı universitetin professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıq yardım, birgə elmi rəhbərlər, ikili diplom, qabaqcıl metodlar sahəsində təcrübə mübadiləsi, birgə simpozium, seminar və konfransların təşkili,  ikitərəfli elmi istiqamətlər və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin iştirakı barədə müzakirələr aparılıb.

Daha sonra qonaq universitetlə tanış olub və universitetdən xoş təəssüratlarla ayrılıb.