OYU - loader

OYU-da Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

Odlar Yurdu Universitetində Elmi Şuranın 2019-2020-ci tədris ilində qarşıda duran vəzifələr mövzusunda iclas keçirilmişdir. İlk olaraq çıxış edən Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev iclasın gündəliyində olan məsələlər barədə şura üzvlərinə məlumat vermişdir.

İclasda 2019-cu ildə universitetdə aparılan elmi-tədqiqat işlərinin yekun nəticələri, müəllimlərin diaqnostik qiymətləndirilməsi, təhsilin informasiya idarəetmə platformasının yaradılması və tətbiqi, vahid və mərkəzləşdirilmiş məlumat bazasının yaradılması, gənc tədqiqatçıların, doktorant və dissertanların elmi fəaliyyəti, eləcə də kafedralarda elmi istiqamətlərdə aparılan işlər və s. barədə məruzələr dinlənildi. Qeyd edildi ki, hal-hazırda universitetin müəllimləri və tələbələr elmi tədqiqatların aparılmasında daha çox maraqlıd ır.

Sonra bildirib ki, xarici universitetlərlə əlaqələrin genişləndirilməsi, Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunması bu gün qarşıya qoyduğumuz prioritet istiqamətlərdir.

Daha sonra Odlar Yurdu Universitetində yay imtahan sessiyasının yekunları barədə Elmi Şura üzvlərinə geniş məlumat verildi, ayrı-ayrı fakültələrin müvəffəqiyyət göstəriciləri və digər statistik məlumatlar diqqətə çatdırıldı.

O da vurğulandı ki, tələbələrin asudə vaxtlarının səmərəli keçməsi, gənclərin vətənpərvər ruhda yetişməsi üçün tanınmış ziyalılarla, şair və yazıçılarla mütəmadi olaraq görüşlər keçirilmiş, həmçinin il ərzində müxtəlif ölkələrin səfirliklərinin nümayəndələri universitetdə qonaq olmuşlar.

Daha sonra Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev tərəfindən ümumi ingilis dili fənləri üzrə bölmə rəhbəri Ülviyyə Nəsirovaya Dosent diplomu təqdim edilmişdir.

İclasda vurğulandı ki, Odlar Yurdu Universitetində hər il olduğu kimi bu il də pedaqoji işçilərin biliyinin, professional bacarığının hansı səviyyədə olduğunu müəyyən etmək məqsədilə hər bir müəllimin növbəti tədris ilində tədris edəcəyi fənnin təqdimatı keçirildi. Qeyd olundu ki, dərs bölgüsü aparılarkən müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələr nəzərə alındı. Attestasiya imtahan nəticələri zəif olan müəllimlər tədris prosesindən uzaqlaşdırıldı, iyun ayında təqdimatda iştirak etməyən müəllimlər, eləcə də müsabiqə yolu ilə yeni işə qəbul olunan 17 müəllim təqdimatla çıxış etdilər. Təqdimatda universitetin bütün professor-müəllim heyəti, həmçinin digər qonaqlar və ekspertlər iştirak edirdi.

Sonda Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev qarşıda duran məqsəd və vəzifələr haqqında danışdı. O, bildirdi ki, tədris ilinin yekunlarına dair yekun qiymətləndirməyə nəzər salsaq, ümumilikdə mənimsəmə və keyfiyyət göstəriciləri müsbət qiymətləndirilməlidir. Lakin bununla belə növbəti tədris ilində biz növbəti ildə işimizi daha möhkəm qurmalı, tələbələrlə birlikdə universitetimizin elmi-tədqiqat potensialını artırmalı, respublikada olan nüfuzunun inkişafı üçün bundan sonra da əzmlə çalışmalıyıq.