OYU - loader

Odlar Yurdu Universitetində “Bilik Günü” keçirildi

Odlar Yurdu Universitetində 15 sentyabr-“Bilik günü”nə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin professor-müəllim heyəti, yeni qəbul olan tələbələr və valideynlər iştirak edirdilər.

İlk öncə çıxış edən Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev yeni qəbul olan tələbələri və onların valideynlərini “Bilik günü” və yeni dərs ilinin başlaması münasibəti ilə təbrik edib. Çıxışına Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikri ilə başlayan rektor qeyd edib ki, Azərbaycanda təhsil sahəsinə dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğı göstərilir. O, qeyd edib ki, Azərbaycanın davamlı inkişaf strategiyasında təhsili ən vacib amillərdən biri kimi müəyyənləşdirən Prezident İlham Əliyev bu sahənin inkişafına xüsusi olaraq diqqət göstərir. Bu gün ölkədəki siyasi sabitlik və dinamik iqtisadi yüksəliş təhsilin inkişafı üçün də əlverişli şərait yaratmışdır. Yeni təhsil ocaqlarının inşa edilməsi, köhnələrinin təmir edilərək ən müasir standartlara uyğun şəkildə yenidən qurulması, təhsil işçilərinə, elm adamlarına göstərilən dövlət qayğısı bunun əyani sübutudur. Həmçinin qeyd olundu ki, əvvəl yalnız dövlət hesabına və dövlət sifarişli yerlər üzrə təhsil alan tələbələrə təqaüd verilirdisə, artıq keçən ildən ödənişli əsaslarla oxuyan tələbələr də Dövlət tərəfindən təqaüd alır.

Ölkəmizdə təhsil siyasətinin əsas missiyasının savadlı, daim öz üzərində işləyən, hərtərəfli inkişaf etmiş, Vətənə, dövlətə və dövlətçiliyə sadiq kadrlar yetişdirmək olduğunu qeyd edən Əhməd Vəliyev bu yolda universitet heyətinə uğurlar arzulayıb. 

Daha sonra rektor bildirdi ki, son illərin statistikası, eləcə də bu il qəbul planımızın dolması onu göstərir ki, universitetimizə maraq ildən-ilə artmaqdadır. Bunun əsas səbəbi odur ki, universitet yarandığı gündən etibarən tədris prosesində ən müasir beynəlxalq texnologiyalardan istifadə edir və biz müasir təhsil standartlarını fəaliyyətimizə inteqrə edə bilmişik.

Görüşdə yeni təhsil texnologiyalarının ali təhsildə tətbiqi, təhsil keyfiyyətinin təmin olunmasında Avropa standartlarının, ikili təhsil proqramlarının rolu da vurğulandı. “Elektron universitet” modelinin tətbiq olunmasında məqsəd  dünya təcrübəsindən yararlanaraq universitetdə təhsilin keyfiyyətini yüksəltmək və ümumilikdə Azərbaycanda bu prosesin həyata keçirilməsinə dəstək olmaqdan ibarətdir. Bu baxımdan hər bir tələbənin kompüterinin olması məqsədəuyğundur. Valideynlərin övlada verəcəyi ən gözəl hədiyyənin yaxşı təhsil olacağını deyən rektor valideynlərin buna biganə qalmamasını xahiş edib.

Sonra rektor bildirib ki, universitetin uğurları bundan sonra da davam edəcək və universitetdə təhsilin təşkilinin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkəmizdə ali təhsil sisteminin inkişaf etdirilməsi əsas prioritet istiqamət olacaqdır. Odlar Yurdu Universitetində məhz bu istiqamətlərin reallaşdırılması üçün yüksək intellektual səviyyəli, bilikli, bacarıqlı, təşkilatçılıq qabiliyyəti olan peşəkar kadrlar hazırlanır.

Daha sonra çıxış edənlər tələbələri “Bilik günü” münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulayıblar.

Sonda yeni qəbul olan tələbələr və valideynlər üçün universitetə ekskursiya təşkil olundu.