OYU - loader

Odlar Yurdu Universitetində Müstəqillik Günü qeyd edilib

Odlar Yurdu Universitetində Azərbaycan Respublikası Dövlət müstəqilliyinə həsr olunmuş tədbir keçirildi. Tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirildikdən sonra tədbir konfrans zalında davam etdi. Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Tələbə Elmi Cəmiyyətinin sədri Arzu Cəfərzadə bildirib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdır. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

Daha sonra TGT sədri Gülbəniz Cəfərova, Odlar Yurdu Kollecinin TEC-nin sədr müavini Mühasibat uçotu ixtisasının I tədris ili tələbəsi Günay Ağabəyova, Məktəbəqədər təlim və tərbiyə ixtisasının 602 saylı qrup tələbəsi Səmra Dursunəliyeva, Turizm və otelçilik ixtisasının I təhsil ili tələbəsi Aygün Zeynalova, OYK-nin Peşə təlimi ixtisasının I təhsil ili tələbəsi Fatimə Cəbiyeva çıxış edərək müstəqilliyimizin tarixindən söhbət açdılar, bu yolda Əbədiyaşar Liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs etdilər.

Tədbirdə Müstəqillik Gününə həsr olunmuş qısa videoçarx nümayiş olundu.

Yekun nitq ilə çıxış edən Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev bildirdi ki, suverenlik ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyətidir. Azərbaycanın müstəqillik və suverenlik uğrunda keçdiyi yol heç də asan olmayıb. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Hazırda dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib.