OYU - loader

“Kitab Klubu”nun təqdimatı keçirilib

Odlar Yurdu Universitetində Tələbə Gənclər Təşkilatının nəzdində yaranmış “Kitab Klubu”nun təqdimatı keçirilmişdir. “Kitab klubu”nun əsas məqsədi tələbə gənclərdə ədəbiyyata, kitaba və mütaliəyə marağı artırmaq, mütaliəli, kitaba ciddi marağı olan gəncləri bir araya toplamaq, onlarda nitq vərdişlərini artırmaq, məntiqi təfəkkürü, yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, gənclərin asudə vaxtının səmərəli təşkilinə dəstək olmaqdır.

Açılış nitqi ilə çıxış edən Tələbə Gənclər Təşkilatının sədri Gülbəniz Cəfərova gənclərə kitab oxumağın müsbət cəhətlərindən söz açaraq, onlara bu istiqamətdə faydalı məlumatlar çatdırdı. O, bildirdi ki, “Kitab Klubu”nun üzvləri ilə mütəmadi görüşlər təşkil ediləcək, tələbələr oxuduqları kitabı hər həftə klub üzvləri  ilə müzakirə edəcəklər.

Tədbirdə çıxış edən universitetin rektoru, professor Əhməd Vəliyev yeni yaradılan “Kitab klubu”nu yüksək qiymətləndirərək qeyd edib ki, bu  təşəbbüs gənclərin kitaba olan marağını daha da artırmaq işində mühüm addımdır. Araşdırmalar aparmaq, ədəbiyyat oxumaq böyük bir inkişafdır, beyni zənginləşdirir, gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasına əsaslı təsir göstərir, uşaq və gənclərin kənar təsirlərdən qorunması üçün dünyagörüşünü zənginləşdirir, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hissləri aşılayır.

Tələbə gənclər arasında sorğuların aparılması, yeni nəşr olunmuş kitablar haqqında gənc oxuculara məlumat verilməsi, kitab sərgilərinin keçirilməsi, kitabın təqdimatı, müzakirəsi və müəlliflərlə görüş, kitabxana-oxu zalının daha aktiv fəaliyyəti, kitab işi üzrə mütəxəssislərin müəlliflərlə birgə diskussiyaları, seminarların keçirilməsi klubun fəaliyyəti dairəsinə daxildir.