OYU - loader

Azərbaycanda növbəti beynəlxalq təhsil sərgisi baş tutmuşdur

 

Odlar Yurdu Universitetinin nümayəndələri növbəti beynəlxalq təhsil sərgisində uğurla iştirak etmişdir.

Yerli ziyarətçilərin qatıldığı sərgidə Odlar Yurdu Universitetinin təşkil etdiyi stendə maraq olduqca yüksək olmuşdur. Sərgidə universiteti xarici dil müəllimi Arzu İsmayılova, Tələbə Elmi Cəmiyyətinin sədri Arzu Cəfərzadə və fəal tələbələr təmsil etmişdir.

Hilton oteldə təşkil olunan pavilyonda Odlar Yurdu Universitetinin bakalavr pilləsi üzrə 22, magistratura pilləsi üzrə 12, MBA proqramı üzrə ixtisaslarını əks etdirən müxtəlif çap və poliqrafiya nümunələri nümayiş edilmişdir.

Sərgi çərçivəsində ziyarətçilərə universitetin bakalavriat, magistratura, doktorantura, eləcə də ikinci ali təhsil və MBA proqramı, o cümlədən ikili diplom, xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar barədə məlumatlar verilmişdir. Ziyarətçilər sərgidə Odlar Yurdu Universitetinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbula daha yaxşı hazırlıq, sənəd qəbulu müddəti, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmışdır.

Xaricdə Təhsil Sərgisində Amerika, Böyük Britaniya, Avstraliya, Hollandiya, İspaniya, İtaliya, İsveçrə, Kanada və digər ölkələrdən 100-dən çox universitet təmsil olunmuşdur.

Sərgi yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır. Qeyd edək ki, Odlar Yurdu Universiteti Hilton oteldə baş tutan beynəlxalq sərgidə Azərbaycandan təmsil olunan yeganə universitet olmaqla yanaşı, həm də sərginin təşkilati işlərini həyata keçirmişdir.