OYU - loader

Odlar Yurdu Universitetinin müəllim heyəti avropalı təhsil ekspertləri ilə təlimdə iştirak edib

Odlar Yurdu Universitetinin müəllim kollektivi, universitetin tərəfdaş olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşən ERASMUS+EQAC (Azərbaycan Universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin Qurulması və İnkişaf etdirilməsi) layihəsi çərçivəsində Bakı Biznes Universitetində baş tutan təlimdə iştirak ediblər. 6 yanvar 2020-ci il tarixdə başlayan 5 günlük təlim keyfiyyət təminatı üzrə avropalı ekspert İnga Juknytė-Petreikienė tərəfindən geniş məzmunda keçirilib. Təlimdə müəllim kollektivi ilə avropalı təhsil eksperti arasında təhsilin keyfiyyəti barədə müzakirələr aparılıb. Bakı şəhərində reallaşan və Azərbaycanın 10 universitetinin əməkdaşlarının iştirak etdiyi təlimdə Odlar Yurdu Universitetini Beynəlxalq əlaqələr, layihələr və strateji inkişaf Departamentinin rəhbəri Zaur Məmmədov və Xarici Dillər Kafedrasının müəllimləri təmsil ediblər. Təlimin məqsədi tədris prosesinin tələbəyönümlü təhsil əsasında qurulmasını praktiki olaraq nümayiş etdirməkdir.

Təlim müddətində tələbələrin tədris prosesinə daha aktiv cəlb edilməsini təmin edən müasir tədris metodları, qiymətləndirmə metodları, öyrənmə nəticələri və onların müəyyənləşdirilməsi qaydaları haqqında real nümunələr əsasında təlimçi tərəfindən təqdimatlar aparılıb. Eyni zamanda tələbəyönümlü təhsilin əsas xüsusiyyətlərindən biri olan və fəaliyyətlərin effektivliyinin müəyyənləşdirilməsini və geri bildirim sisteminin vacibliyi haqqında da müzakirələr aparılıb.

Daha sonra müəllim heyəti qruplar şəklində yeni tədris metodlarına uyğun olaraq təqdimatlar hazırlayaraq nümayiş etdiriblər. Təlim sual-cavab sessiyası və faydalı müzakirələrlə davam edib.

Sonda təlim iştirakçıları sertifikatla təltif olunub.