OYU - loader

Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib

Tədbirdə ali təhsil ocağının tələbə və müəllim heyəti, həmçinin İtaliyanın Link Capus Universitetinin Global və Beynəlxalq Direktoru Allesandra Liccardo və Link Campus Universitetinin direktor köməkçisi Roberto de Girolamo iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində tələbələrin əl işlərindən ibarət “Xocalı bizi səsləyir” adlı rəsm sərgisi ilə tanış olublar. Xocalı soyqırımı qurbanlarına həsr olunmuş rəsmlər haqqında qonaqlara məlumat verilib. Qonaqlar bildirib ki, təşkil olunmuş bu sərgi çox təsirli olmaqla yanaşı, həm də çox sevindiricidir. Çünki öz vətənini sevən, onun  tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər Vətən  qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, onun qorunmasında fəal iştirak edirlər.

Akt zalında davam edən tədbirdə ilk öncə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş insanların və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törədikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verilib. Bildirib ki, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsl iç üzü göstərilir.

Daha sonra Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin tələbələrinin təqdimatında “Kimdir müqəssir?” adlı tamaşa nümayiş olunub.