Odlar Yurdu Universiteti Beynəlxalq Miqrasiya təşkilatı ilə Memorandum imzaladı
OYU - loader

Odlar Yurdu Universiteti Beynəlxalq Miqrasiya təşkilatı ilə Memorandum imzaladı

Beynəlxalq Miqrasiya təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak Odlar Yurdu Universitetinin qonağı olub. Qonaqları salamlayan universitetin rektoru prof. Əhməd Vəliyev onları universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Rektor universitetin yaranma tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri haqqında qonaqlara dolğun məlumat verdi. Əhməd Vəliyev respublikada aparılan miqrasiya siyasətindən danışdı.  Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, siyasi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gündən-günə yüksəldiyini, bu istiqamətdə qazanılan uğurların həyatımızın bütün sahələrinin dinamik inkişafına əlverişli zəmin yaratdığını, ölkənin hərtərəfli inkişafının təzahürü kimi Azərbaycana gələn əcnəbilərin sayının ilbəil əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırıb. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq məsələlərinin həllində yaxından iştirak edir və qanunsuz miqrasiyaya qarşı hər zaman mübarizə aparır.

Səmimi qəbula və qonaqpərvərliyə görə öz minnətdarlığını bildirən Serhan Aktoprak dünyada miqrasiya ilə bağlı tədqiqat aparan beynəlxalq təşkilatın tarixi, faəliyyət istiqamətləri haqqında, qurumun Azərbaycandakı fəaliyyəti barədə ətraflı məlumat verdikdən sonra, miqrasiya probleminin mühüm cəhətlərindən söz açdı, dünyada mövcud olan milyonlarla miqrantların iqtisadi və siyasi səbəblərdən baş verdiyini vurğuladı. Qeyd olundu ki, Beynəlxalq Miqrasiya Təşkilatı 1951-ci ildə təsis edilmiş beynəlxalq hökumətlərarası təşkilatdır və mənzil qərargahı Cenevrə şəhərində yerləşir və təşkilatın 10000-dən artıq işçisi var.

Daha sonra ikitərəfli əməkdaşlığa dair memorandum imzalandı. Həmçinin Əhməd Vəliyev qonağa Fəxri Qonaq diplomunu təqdim etdi. Beynəlxalq Miqrasiya təşkilatının Azərbaycandakı nümayəndəliyindən də Odlar Yurdu Universitetinə xatirə hədiyyələri təqdim olundu.

Görüşün yekunu olaraq qonaqlar Odlar Yurdu Universitetinin müasir tələblərə cavab verən kampusu, ixtisaslar üzrə müasir avadanlıqlarla təmin edilmiş auditoriyaları, laboratoriya və fənn kabinetləri, akademik Zərifə Əliyeva adına tibb muzeyi, texnopark, konfrans zalı və toplantı mərkəzləri, komputer zalı, müasir kitabxanası, yeməkxanaları, idman zalları, tibb məntəqəsi, stadionu ilə tanış oldular.

Sonda xatirə şəkli çəkdirildi.