OYU - loader

Odlar Yurdu Universitetində Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

Odlar Yurdu Universitetində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim və pedaqoq, ictimai xadim Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş ədəbi-bədii  tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev tədbir iştirakçılarını salamlayaraq Mir Cəlal Paşayevin əsərləri, həyatı, yaradıcılığı və ictimai-siyasi fəaliyyəti haqqında öz fikirlərini bildirmişdir. O, qeyd etmişdir ki, M.C.Paşayev nədən yazırsa-yazsın, öz hekayələrində həyatın dərin qatlarına nüfuz etməyə, hadisələrin daxili mahiyyətini açmağa çalışıb. Görkəmli alim və pedaqoq, əməkdar elm xadimi, filologiya elmləri doktoru olan Mir Cəlal yaradıcılığının bütün dövrlərində əbəbi fəaliyyətlə yanaşı, elm sahəsində də səmərəli fəaliyyət göstərib. Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı çapdan çıxan fundamental nəşrlərin hazırlanması prosesində yaxından iştirak edib. Məşhur yazıçı dövrünün ictimai proseslərinə də biganə qalmayıb. Böyük idealların təsdiqində fəallıq göstərmək, müasir ictimai-siyasi proseslərin dərin təhlilini vermək, xalqın, xüsusən də bilik verdiyi tələbələrin rifahı naminə mübarizə aparmaq Mir Cəlal müəllimin ictimai fəaliyyətinin mərkəzində dayanıb.

Daha sonra çıxış edən AMEA-nın müxbir üzvü, Atatürk mərkəzinin rəhbəri, millət vəkili, professor Nizami Cəfərov bildirmişdir ki, Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri danılmazdır. Tələbələri onun ali təhsil auditoriyalarındakı dərin məzmunlu, emosional məruzələrini bu gün də ehtiramla xatırlayır. Dərin bilik, insan psixologiyasını duymaq, zəngin dünyagörüşü, geniş məlumat dairəsi və fəal həyat mövqeyindən qaynaqlanan nəzəri düşüncələri Mir Cəlalın ictimai xadim obrazını daha da zənginləşdirib, kamilləşdirib. M.C.Paşayevin yaşadığı şərəfli ömür nəcib Azərbaycan ziyalısının həyat hekayəsinə çevrilib. Görkəmli yazıçı-alim cismən həyatda olmasa da, onun zəngin yaradıcılığı, sanballı əsərləri daim yaddaşlarda yaşayır.

Mir Cəlalın tələbələrinə böyük inamı və dəstəyini onun tələbəsi, görkəmli ədəbiyyatşünas alim, Odlar Yurdu Universitetinin professoru Rüstəm Kamal da qeyd etdi. O, bildirdi ki, XX əsr Azərbaycan ədəbiyyatı və elminin inkişafında müstəsna xidmətləri olmuş Mir Cəlal Paşayevin 110 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürüdür.
İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə ucalıq abidəsi qurur.

Mir Cəlalın həyat və yaradıcılığına həsr olunmuş film nümayiş edildikdən sonra Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin tələbələrinin ifasında “Bir gəncin manifesti” əsərindən, “İclas qurusu” hekayəsindən səhnəciklər nümayiş olunmuşdur. Həmçinin tələbələr M.C.Paşayevin şeirlərini səsləndirmişdir.

Ədəbi-bədii tədbir iştirakçıların böyük rəğbətinə səbəb olmuşdur.