OYU - loader

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Ulu Öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir

08 may 2018-ci il tarixində Odlar Yurdu Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Ulu Öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Müasir dövrdə Heydər Əliyev dövlətçilik modeli: reallıqlar və faktlar” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.

İlk öncə konfrans iştirakçıları universitetin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra beynəlxalq elmi-praktiki konfrans öz işinə başladı. Konfransı giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev iştirakçıları salamlayaraq, onlara Azərbaycan dövlətinin qurucusu, memarı olan Heydər Əliyevin şərəfli həyat yolundan, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə əldə olunan uğurlardan, müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində Ulu Öndərin müstəsna xidmətlərindən danışdı.

O, bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, onun şüurlara aşılamış olduğu müstəqillik ideyaları bütün məhrumiyyətlərə baxmayaraq, xalqımızın yaddaşından heç vaxt silinmədi. Azərbaycanın dövlətçilik tarixində bu varislik ənənəsini xalqımız cümhuriyyətin süqutundan sonrakı 70 illik sovet hakimiyyəti dövründə qəlbində və şüurunda yaşatmışdır. Xüsusən Ümummilli Lider Heydər Əliyevin respublikamızda uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

Rektor vurğuladı ki, bu gün konfransda respublikanın müxtəlif ali məktəblərindən və elmi müəssisələrindən, həmçinin xarici ölkələrdən çoxlu sayda qonaqlar iştirak edirlər.

Daha sonra çıxış edən Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirdi ki, 100 il əvvəl cümhuriyyətin elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı idi.  Bu gün Azərbaycanda gedən inkişaf prosesləri, dövlətimizin dünyada artan nüfuzu müstəqilliyimizin bəhrəsidir.  Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi və dövlət müstəqilliyimizin təbliği kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Ziyad Səmədzadə Odlar Yurdu Universiteti haqqında da öz təəssüratlarını bölüşdü. O, universitet ilə yaxından tanış olduğunu, bu müəssisənin yüksək potensiallı kadrlar yetişdirdiyini və tələbələrə göstərilən diqqət və qayğının çox yüksək səviyyədə olduğunu qeyd etdi.

Tədbirdə vurğulandı ki, Odlar Yurdu Universitetinin Elmi Şurasının 08.05.2018-ci il tarixli qərarı ilə Türkiyənin Kastamonu Dövlət Universitetinin rektoru Prof. Dr. Seyit Aydın Odlar Yurdu Universitetinin Fəxri Professoru seçilmişdir. Daha sonra Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev Seyit Aydına Fəxri Professor diplomunu təqdim etdi.

Çıxış edən Türkiyənin Kastamonu Dövlət Universitetinin rektoru Prof. Dr. Seyit Aydın qardaş ölkədə keçirilən konfransın əhəmiyətindən danışdı. O, Azərbaycan-Türkiyə münasibətlərindən geniş bəhs etdi və əlaqələrin hazırkı vəziyyətindən razılığını bildirdi. O cümlədən, təhsil sahəsində əlaqələrin gələcək inkişafında maraqlı olduğunu xüsusi vurğuladı. Qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır.

Yeri gəlmişkən qeyd edək ki, Türkiyənin Kastamonu Dövlət Universitetinin rektoru Prof. Dr. Seyit Aydının Azərbaycana səfəri çərçivəsində iki universitet arasında əməkdaşlığın prinsipləri, tələbə və işçi mübadiləsi və digər ortaq layihələr müzakirə edilmişdir.