OYU - loader

Odlar Yurdu Universitetinin daha bir əməkdaşının kitabı çap edilib

Odlar Yurdu Universitetinin Birləşmiş Fakültələr Departamentinin rəhbəri Dos.Aynurə Qurbanovanın “İngiliscə-azərbaycanca sinonimlər lüğəti” kitabı işıq üzü görüb.

Lüğətin üstünlüyü ingilis dilində söz ehtiyatının sistemli şəkildə zənginləşdirilməsinə xidmət etməkdir. Kitabda 15000-ə yaxın söz işlənmişdir.

Kitabda sözlər “fellər”, “sifətlər” və “isimlər” olmaqla, 3 hissəyə ayrılmış, hər bir hissə isə məzmununa və mənasına görə qruplara və bloklara bölünmüşdür. Mövzu daxilində əsas sözlər qalın şriftlə göstərilmişdir. Hər bir sözün bir neçə sinonimi, onların tələffüz qaydası və tərcüməsi verilmişdir. Lüğətin mündəricatı mövzular üzrə tərtib olunmuşdur. İstifadəçilər onları maraqlandıran mövzu üzrə sözləri öyrənməklə yanaşı, məlum sözün sinonimlərini də asanlıqla tapa bilərlər.

Lüğətin tərtibində Odlar Yurdu Universitetinin tələbələri Məmmədova Almas Kənan qızı və Səfərli İnarə Fikrət qızı yaxından iştirak etmişlər. Kitabın üz qabığının tərtibatçısı da Səfərli İnarə olmuşdur.

 “İngiliscə-azərbaycanca sinonimlər lüğəti” həm ingilis dilini öyrənmək istəyənlər, həm də bu dili tədris edən müəllimlər üçün faydalı vəsait olacaqdır.

Qeyd edək ki, “İngiliscə-azərbaycanca sinonimlər lüğəti” kitabı müəllifin işıq üzü görən ikinci kitabıdır. Bundan əvvəl onun “English-russian mini dictionary (İngiliscə-rusca mini lüğət)” adlı kitabı çap edilmişdir.