OYU - loader

Odlar Yurdu Universitetində tələbə və məzunlar üçün əmək yarmarkası keçirilib

Odlar Yurdu Universitetində gənclərin əmək bazarına inteqrasiyasına yönələn tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəhbərliyi ilə “Karyerada ilk addım” devizi altında əmək yarmarkası keçirilib. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, gənclərin əmək bazarına inteqrasiyasına və səmərəli məşğulluğuna şərait yaradılması dövlət məşğulluq siyasətinin əsas hədəflərindən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərində gənclərin fəal iştirakı təmin edilir.

“Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri də gənclərin əmək bazarına inteqrasiyasında, tələbə və məzunlara öz ixtisaslarına uyğun karyera qurmaq imkanlarının yaradılmasında mühüm rol oynayır.

Odlar Yurdu Universitetində “Karyerada ilk addım” devizi altında işəgötürənlərin nümayəndələrinin də iştirakı ilə keçirilən aktiv məşğulluq tədbirində 50-si özəl, 4-ü dövlət sektoruna aid 54 müəssisə tərəfindən 267 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. Həmin vakant iş yerlərinin 49-u dövlət, qalan 218-i isə özəl müəssisələrə aid olub. Tədbirdə tələbə və məzunlara əmək bazarındakı mövcud vəziyyət, peşə və ixtisaslara olan tələbat barədə məlumatlar verilib. Onlara işəgötürənlərlə ilkin əlaqələr quraraq, öz şəxsi məlumatlarını (CV) təqdim etmələrinə şərait yaradılıb. İşəgötürənlər isə gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazanıblar. Tədbir zamanı iştirakçılara seçdikləri vakant iş yerlərinə göndərişlər verilib.