Az En Ru Tr

Kompüter Mərkəzi

      Müasir informasiya texnologiyaları, telekommunikasiya vasitələrinin inkişafı və İnternetin yaranması bütün dünya ölkələrində olduğu kimi Azərbaycan Respublikasının təhsil sistemində də yeni səhifələr açmışdır. Odlar Yurdu Universitetində yeni informasiya texnologiyalarının tədris prosesinə tətbiqi qısa müddət ərzində sürətlə inkişaf etmiş və bu proses kitabxana, mühasibatlıq və idarəetmə işlərində də geniş yer tapmışdır. Odlar Yurdu Universitetində informasiya-kommunikasiya texnologiyalarının inkişafı və onların tədris prosesində tətbiqinə önəmli yer verilir.
      Universitet fəaliyyətə başlayarkən 15 ədəd IBM-286,386 kompüteri ilə təchiz edilmiş və hal-hazırda bütün Universiteti və universitetin nəzdində fəaliyyət göstərən Orta Ümumtəhsil İnnovasiyalar məktəbini Baku-BSB əhatə edən və ən müasir tipli 200-ə yaxın kompüterlərlə təchiz olunmuş kompüter labarotoriyaları fəaliyyət göstərir. Universitetdə 4 ədəd server mövcuddur. Bu kompüterlərin hamısı universitet lokal şəbəkəsinə qoşulmuşdur və bunun nəticəsində mürəkkəb strukturlu kliyent-server texnologiyalarının və İnternetin tədris prosesinin bütün sahələrinə tətbiqi üçün geniş imkanlar yaradılmışdır.
      Bununla əlaqədar şəbəkə administratorluğu problemlərinin həllinə xüsusi diqqət vermişdir. Bütün dekanlıqlar, kafedralar, şöbələr, inzibati idarəetmə vahidlər kompüterlər, printerlərlə təchiz olunmuşdur. Kompüterlərin əsas qismi dəqiq müəyyənləşdirilmiş məqsədli mərkəzlərdə, laboratoriyalarda, kompüter audittoriyalarında toplanmışdır.
Bunlar aşağıdakılardır:
1. Multimediya tədris laboratoriyası - Müasir tipli səs qulaqçıqlı, avtonom enerji mənbəyi və hava tənzimi olan olduqca müasir dizaynlı 21 nəfərlik tədris laboratoriyasıdır. Bu laboratoriyadan istər «İnformatika», istər «Xarici dillər», istərsədə «Jurnalistika» fənlərinin tədrisində müvəffəqiyyətlə istifadə olunur. Bu laboratoriyanın pedaqoji imkanları barədə Universitetin əməkdaşları tərəfindən bir neçə elmi məqalə çapa hazırlanmışdır.
2. İkinci mərkəz – PENTİUM IV tipli gücləndirilmiş kompüterlərlə təchiz edilmiş və burada texniki ixtisaslar üçün xüsusi proqram təminatları yazılmışdır. Burada tələbələr xüsusi tətbiqi proqramlarla işləməklə öz ixtisaslarını dərindən öyrənmək imkanına malikdirlər.
3. Öz avtonom serveri və PENTİUM IV tipli 28 ədəd kompüterlə təchiz olunmuş kompüter mərkəzi universitetin yeni informasiya texnologiyaları üzrə nüvəsidir. Burada tələbələr tədrisdən əlavə müstəqil olaraq yeni proqram təminatlarını yüksək səviyyədə mənimsəməklə yanaşı bilik qazanırlar. Bu günə kimi 120 nəfər müvəffəqiyyətlə imtahan verərək müvafiq sertifkata sahib olmuşdur. Tələbələrin hər birinin iş yeri avtonom işıq sistemi ilə təchiz olunmuş, onlar üçün xüsusi şəffaf keys və daxili qurğuların elementləri təqdim olunmuşdur.
4. Universitetin Elektron kitabxanası – Azərbaycan Respublikasında yaradılmış ilk elektron kataloqlu kitabxana olmaqla, ən müasir kompüterlərlə təchiz olunmuş və bu kompüterlər özləri kitabxana daxilində lokal şəbəkə olmaqla kitabxana serveri vasitəsilə universitet şəbəkəsinə qoşulmuşdur. Kitabxana üçün xüsusi proqram təminatı əsasında elektron kataloq hazırlanmışdır. Burada müasir klassifikasiya ilə nəzərdə tutulmuş bütün informasiyalar (məsələn: kitabın, müəllifin adı və s.) haqqında müəssəl məlumat saxlanılır. Bununla yanaşı bir çox informasiyaların elektron forması çevrilərək saxlanması üçün xüsusi proqram işlənib hazırlanmışdır (məsələn həmin proqrama əsasən universitetin nəşriyyatında nəşr olunan bütün vəsaitlərin elektron formatının elektron kitabxanası üçün hazırlanması məcburidir, həmçinin Azərbaycanda əvvəllər nəşr olunmuş çətin tapılan dərsliklərin və dərs vəsaitlərinin elektron formata çevrilməsi də həyata keçirilir).
5. Yeni Texnologiyalar Mərkəzi – 11 ədəd kompüterdən ibarət olaraq qeyri-texniki fakültələrdə təhsil alan tələbələrin hüquqi və sosioloji diplom və kurs işlərinin hazırlanmasında kompüter texnikasının imkanlarından istifadə bacarıqlarının və kompüter mədəniyyətinə yiyələnməsi üçün nəzərdə tutulmuş və adətən iqtisadçı və hüquqşünas alimlərin nəzarəti altında fəaliyyət göstərir.
6. İmtahan biletlərinin elektron formasının yaradılması mərkəzi – 5 ədəd kompüterlə təchiz olunmuş və universitet üzrə bütün imtahanların sualları mərkəzdə yığılır və kompüter mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış xüsusi proqram əsaında bu suallar qarışdırılır və bilet formasına salınır. Bu isə imtahanların tam obyektiv keçirilməsi üçün maksimum şərait yaradır.
7. Universitetdə müxtəlif fakültələrdə qurulmuş kompüter laboratoriyaları ixtisaslar üzrə xüsusi proqram təminatları ilə təmin edilmişdir. Bu isə humanitar və təbiət elmləri üzrə təhsil alan tələbələrin öz referatlarını kurs işlərini və digər yaradıcılıq işlərini yerinə yetirməsi üçün əhəmiyyətli rol oynayır.
8. Server mərkəzləri – Universitetdə vahid İnternet mərkəzləridir. Paylanmış arxitekturaların yaradılması üçün istər daxili şəbəkəyə, istərsə də şəbəkələrarası əlaqələrin nəzarəti administratorlar tərəfindən bu mərkəzlərdə həyata keçirilir. Şəbəkənin fəaliyyətinin təhlükəsizliyi üçün müstəsna əhəmiyyət daşıyır.
9. Kompüter tədris auditoriyaları – demək olar ki, hər bir fakültədə mövcud olan, orta hesabla 10-15 kompüterdən ibarət olan dərs otaqları. Universitet üzrə qəbul olunmuş İKT-nın inkişaf proqramına uyğun olaraq tədrisi qurur.
10. Universitetin Orta İnnovasiyalar Məktəbində olan kompüter zalları , Multimediya mərkəzində olan bütün kompüterlər məktəbdaxili serverə oradan isə universitetin ümumi şəbəkəsinə qoşulmuşdur. Burada şagirdlər aşağı siniflərdən başlayaraq kompüterdə və internetdə işləmək imkanına malikdirlər. Multimediya mərkəzində olan ən müasir avadanlıqlarla təmin edilmiş xüsusi aiditoriyada tələbələr, şagirdlər üçün milli musiqimizi təhlil etmələri , öyrənmələri üçün bütün şərait yaradılmışdır.
11. Universitetdə qurulmuş peyk antenası vasitəsilə “Tərcümə” ixtisasının tələbələri 200-dən çox televiziya kanalları vasitəsilə xarici dillərin öyrənilməsi imkanına malikdirlər.

      Qrant proqramına uyğun olaraq Universitetdə Soros fondunun köməyi ilə universitetdə informasiya texnologiyaları üzrə bir illik kurslar təşkil olunmuş və tələbələr burada xüsusi proqramlar öyrənməklə sertifikatla təltif olunurlar.

      Universitet Virtual İpək Yolu çərçivəsində AzRENA İctimai İnternet mərkəzi ilə bağlanmış müqaviləyə əsasən ayrılmış xətlə İnternetə qoşulmuşdur. Universitetin professor-müəllim heyəti, tələbələr, şagirdlər 24 saat ərzində İnternetə qoşulmaq imkanına malikdirlər.
      Universitet həmçinin öz maliyyə xərcləri hesabına peyk antenası vasitəsilə beynəlxalq İnternet şəbəkəsinə qoşulmuşdur. Bu isə universitetdə 24 saat ərzində kəsilməz internetin olmasına təminat verir.
      Kafedraların, dekanlıqların, kadrlar şöbəsinin, mühasibatlığın, kitabxananın və digər strukturların müasir tipli kompüterlərlə təmin edilməsi elektron-kargüzarlıq işlərini yüksək səviyyəyə qaldırmış və universitetdə idarəetmə işlərinin avtomatlaşdırılmasını asanlaşdırmışdır.
      Universitetin elektron kitabxanası yaradılmış və bütün kitablar elektron kataloqa daxil edilmişdir. Kitabxanada tələbələrin istifadəsinə verilmiş onlarla kompüterlər İnternet şəbəkəsinə qoşulmuşdur. Bu isə tələbələrin təkcə universitetin kitabxanasından deyil həmçinin dünya ölkələrinin kitabxanalarından istifadə etməsinə şərait yaratmışdır. Tələbələr burada diplom işlərini, referatlarını, kurs işlərini hazırlamaq imkanına malikdirlər.
      Kompüter mərkəzi aşağıdakı istiqamətlər üzrə tədqiqat işləri aparır:
1 Tədris işində idaretmənin avtomatlaşdırılması
2. Universitet verilənlər bazasının yaradılması
3. İnternet texnologiyaları
4. Sistem proqramlaşdırma.

Tələbələr kompüter zallarında müxtəlif ixtisaslar üzrə öyrədici proqramlardan da geniş istifadə edirlər.
- Tərcümə ixtisasının tələbələri müxtəlif öyrədici proqramların köməyilə xarici dillərin intensiv öyrənilməsində kompüterlərin köməyindən geniş istifadə edirlər. Geniş yayılmış PROMT və digər tərcümə proqramlarından istifadə etməklə tələbələr tərcümə işlərini müxtəlif dillərdə yerinə yetirirlər
- Hüquqşünaslar obrazların, əl izlərinin tanınmasında və digər işlərində Finger Reader proqramından istifadə etməklə kriminalistikaya müasir informasiya texnologiyalarının tətbiqini araşdırırlar
- İqtisadçılar bütün dünya ölkələrinin iqtisadiyyatı barədə və onların statistik analizini aparmaq üçün 24 saat ərzində internetdə axtarış işləri aparırlar

      Mətbuat və İnformasiya Nazirliyinin AB №022011(qeydiyyat №-si A-)11 27.09.1998) lisenziyası əsasında universitetdə “Odlar Yurdu” nəşriyyatı fəaliyyət göstərir. Həmin dövrdən mərkəzdə Universitetin müəllim və professor heyətinin hazırladığı və tərtib etdiyi dərs vəsaitləri və tədris proqramları universitet haqqında broşur və bukletlər, universitetin təsisçisi olduğu jurnallar, universitetdə keçirilən beynəlxalq, respublika əhəmiyyətli tədbirlərin və professor-müəllim və gənc tədqiqatçıların elmi-praktik konfransların proqram və materialları kütləvi çap olunmuşdur.
     Nəşriyyatın müasir RİZOQRAF-3750 müxtəlif rənglərlə çap qurğusu və nəşriyyat avadanlıqları vardır. Burada “Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri” jurnalı, “Odlar Yurdu Universiteti” qəzeti də kompüter mərkəzində yığılıb hazırlandıqdan sonra bu nəşriyyatda çap olunur.
      Odlar Yurdu Universitetinin nəşriyyat və poliqrafiya mərkəzində yüksək çap materialları əldə etmək üçün müvafiq avadanlıqlar vardır. Belə ki mərkəz iki hissədən təşkil olunmuşdur: nəşriyyatda 1 redaktor, 4 korrektor, 2 operator və 1 dizayner olmaqla 4 dəst kompüter, 2 skaner, 5 printer fəaliyyət göstərir.
      Universitetdə aparılmış bu işlər əsasında əməkdaşlar tərəfindən bir sıra elmi nəşrlər və tədrisdə yeni informasiya texnologiyalarının tətbiqinin pedaqoji aspektlərinə həsr olunmuş onlarla vəsaitlər çap olunmuşdur.
    Universitetin Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya Texnologiyaları və İnformasiya Resursları Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyinin TİMS şöbəsi ilə İnformatlaşdırma Şurası ilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu ilə AZNet layihəsi bir çox İT şirkətləri, İnternet provayderləri, Mobil telefon xidməti göstərən şirkətlərə çox sıx əlaqələri vardır və onların bir qismində universitetin məzunları müvəffəqiyyətlə işləyir.

Xəbərlər Tədbirlər Elanlar