Akademik Nizami Cəfərov

Nizami Cəfərov Qulu oğlu 1959-cu il 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri,
1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı(1994–2001) vəzifələrində çalışmışdır.
2003-cü ildən Odlar Yurdu Universitetinin “Filologiya və humanitar fənlər” kafedrasının müdiridir.
2019-cu ildən həm də, Bakı Dövlət Universitetinin “Ümumi dilçilik” kafedrasının müdiridir. Nizami Cəfərov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Azərbaycan dili və ədəbiyyatı" bölməsinin üzvü kimi orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının, dərsliklərinin hazırlanmasında iştirak etmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmişdir.
1995–1996-cı illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komisiyasının (AAK) filologiya elmləri üzrə Ekspert Şurasının üzvü, 1997-ci ildə isə AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şurasının üzvü olmuşdur. Elə bu il Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Azərbaycan dili və ədəbiyyatı" bölməsinin sədri təyin olunmuşdur.
1998-ci ildə AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şurasının sədri seçilmişdir.
Nizami Cəfərov 1999-cu ildə Filologiya fakültəsində "Dədə Qorqud" elmi-tədqiqat laborotoriyasını yaradaraq onun müdiri təyin olunmuşdur.
2003-cü ildə AAK-ın filologiya elmləri üzrə Ekspert Şurasının sədri təyin edilmişdir.
2004-cü ildə Azərbaycan "Bilik" Maarifçilik Cəmiyyətinin qərarı ilə "Yusif Məmmədəliyev adına medal"la təltif edilmişdir.
Cəfərov Nizami Qulu oğlu elmi nəticələrinə və təhsil quruculuğuna görə, 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.
20 sentyabr 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə ölkə başçısı tərəfindən "Şöhrət" ordeni ilə təltif edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. AMEA-nın həqiqi üzvü və millət vəkilidir.