Odlar Yurdu Universiteti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu arasında elmi-texniki əməkdaşlığa dair memorandum imzalanmışdır.
Memorandum tərəflər arasında müvafiq istiqamətlər üzrə münasibətlərin qurulması və inkişaf etdirilməsi, elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsi, təkmilləşdirilməsi və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq çərçivəsinin müəyyənləşdirilməsi məqsədini daşıyır.
Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyev memorandum çərçivəsində həyata keçiriləcək tədbirlərin elmin və təhsilin inteqrasiyasına, mövcud elmi potensialın qorunub saxlanılmasına və inkişaf etdirilməsinə, həmçinin Odlar Yurdu Universitetində təhsilin məzmununu zənginləşdirməklə yüksəkixtisaslı kadrların hazırlanmasına böyük töhfə verəcəyini söyləmişdir.
Odlar Yurdu Universiteti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu arasında əməkdaşlığın gücləndirilməsi, elmin maliyyələşdirilməsində yeni mexanizmlərin formalaşdırılması ilə bağlı lazımi dəstəyi göstərməyə hazır olduğunu vurğulanmışdır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akad. Əli Abbasov çıxış edərək bildirmişdir ki, memorandum Odlar Yurdu Universitetinin və elmi-tədqiqat institutlarının əməkdaşları arasında qarşılıqlı təcrübə və fikir mübadiləsinin aparılması, onların birgə fəaliyyətinin həyata keçirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də elmi tədqiqatların nəticələrinin praktikaya tətbiqi baxımından böyük əhəmiyyətə malikdir.