Odlar Yurdu Universiteti və YAP Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə
28 May - Müstəqillik Gününə həsr olunan "Müstəqil Azərbaycanım" adlı tədbir keçirilmişdir.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri, həmçinin Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri olan h.e.d., prof. Samir Vəliyev bildirmişdir ki, 106 il bundan əvvəl mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır. Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir: ”Bu şanlı tarix Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci il 15 oktyabr tarixində təsdiq etdiyi “Müstəqillik Günü haqqında” Qanunla Müstəqillik Günü kimi qəbul edilmişdir.
Prof. Samir Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı Prezident İlham Əliyevin atdığı addımları da xatırlatmışdır: ”2018-ci ildə Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncam imzalanmışdır və bu tarixi hadisə münasibətilə 2019-cu il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunaraq ölkədə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilmişdir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi müvəffəqiyyətlə davam etdirilir, respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf edir. Müstəqil, qüdrətli, ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın həyatında yeni səhifələr açılır”.
Sonra tədbirdə Odlar Yurdu Universitetinin tələbələrinin çıxışları dinlənilmiş, 28 May - Müstəqillik Gününə həsr olunan və tələbələrimiz tərəfindən hazırlanan film nümayiş etdirilmişdir.
Tədbirin bədii hissəsində Odlar Yurdu Univerisiteti və Odlar Yurdu Kollecinin tələbələri tərəfindən bəstələr və milli rəqslər ifa edilmişdır.
Daha sonra universitetimizin tələbələrinin iştirakı ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının "Od gəlini" adı ilə tamaşaya qoyulan pyesi nümayiş olunmuşdur.
Qeyd edək ki, tədbirdə Odlar Yurdu Universitetinin rektoru, prorektorları, aparat rəhbəri, departament, fakültə və kafedra rəhbər və müdirləri, professor-müəllim heyəti və tələbələri, həmçinin YAP Nərimanov rayon təşkilatının sədri və nümayəndələri iştirak etmişlər.