OYU - loader

Mətbuat xidməti

Odlar Yurdu Universitetinin mətbuat xidmətinin əsas vəzifəsi universitetin fəaliyyətini KİV-lərə  operativ və obyektiv çatdırmaq, Televiziya və radio kanallarında işıqlandırmaq, KİV-lərin suallarını vaxtında cavablandırmaq, elektron resurslarda mütəmadi olaraq yeni məlumatları yerləşdirmək, ictimaiyyətin, o cümlədən kütləvi informasiya vasitələri nümayəndələrinin informasiya ehtiyaclarının tam ödənilməsi, KİV təmsilçiləri ilə sıx dostluq və əməkdaşlıq münasibətləri qurmaqla davamlı iş üslubu həyata keçirməkdir. Odlar Yurdu Universitetinin Mətbuat xidməti jurnalistlərin suallarını cavablandırmaqda hər zaman maraqlıdır və universitetə müraciət edən KİV nümayəndələri “İnformasiya əldə etmək” haqqında Qanun çərçivəsində informasiya ilə ən qısa zamanda təmin edilir. Mətbuat xidmətinin rəhbəri İmanova Günaydır.

İmanova Günay Fuad qızı 1994-cü il iyun ayının 22-də İmişli şəhərində, ziyalı ailəsində anadan olmuşdur. 

Orta təhsilini 2000-2011-ci illərdə İmişli şəhər 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseydə almışdır.

2011-ci ildə Odlar Yurdu Universitetinə daxil olmuşdur, 2015-ci ildə təhsilini Biologiya müəllimliyi ixtisası üzrə, “Zərifə Əliyeva” adına təqaüdçü olaraq əla qiymətlərlə bitirmişdir. Təhsil aldığı müddətdə universitetin elmi, ictimai-siyasi, mədəni həyatında fəal rol oynamış və fərqlənmiş, universitetin Tələbə Elmi Cəmiyyətinin və Tələbə Həmkarlar Təşkilatının sədri vəzifəsində çalışmışdır.

2015-ci ildə təhsilini universitetin magistratura pilləsi üzrə davam etdirmiş və  2017-ci ildə Biologiyanın tədrisi metodikası və metodologiyası ixtisasını əla qiymətlərlə başa vurmuşdur.

Həmin il Odlar Yurdu Universitetinin Mikrobiologiya ixtisası üzrə Doktorantura şöbəsinə daxil olmuşdur.

2013-cü ildən YAP Nərimanov rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini vəzifəsində çalışır.

Respublikada keçirilən 40-dan çox elmi konfransda məqalə və tezislərlə çıxış etmişdir və məqalələri yerli və beynəlxalq elmi jurnallarda dərc edilmiş, 50-ə yaxın yazı müsabiqəsində qalib gəlmişdir.

2013–cü ildə UNESCO və GOİ Sülh Fondu tərəfindən Yaponiyada keçirilən “Mədəniyyətin gücü daha yaxşı gələcək üçün” adlı Beynəlxalq yazı müsabiqəsində 12 mükafatçıdan biri olmuşdur.

2014–cü ildə Odlar Yurdu Universitetində “İlin tələbəsi” adını qazanmışdır. Həmin il İngiltərədə keçirilən 39 ölkədən, 450 nəfərin iştirak etdiyi Beynəlxalq yazı müsabiqəsində IV yeri qazanmış, 2015–ci ildə ABŞ–ın Kolorado Ştatında keçirilən Beynəlxalq yazı müsabiqəsində fərqləndiyinə görə Fəxri Fərmanla təltif olunmuşdur.

2015–ci ildə Odlar Yurdu Universitetində “İlin ən nailiyyətli məzunu” adını qazanmışdır.

2016-cı ildə Əməkdə, təhsildə və ictimai fəaliyyətdə yüksək nailiyyətlər əldə edərək respublikada keçirilən konkurs–müsabiqənin qalibi olmuş və “İlin peşəkar gənci” Fəxri adına layiq görülmüşdür.

2017–ci ildə UNESCO və GOİ Sülh Fondu tərəfindən Yaponiyada keçirilən “Təbiətdən öyrən!” adlı Beynəlxalq yazı müsabiqəsində iştirak etdiyi üçün Sertifikatla təltif olunmuşdur.

2016-cı ildən universitetin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır.

2018-ci ildən Odlar Yurdu Universitetinin Biologiya, ekologiya və pedaqoji fənlər kafedrasında biologiya müəllimi kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olur.