OYU - loader

Odlar Yurdu Universitetində 20 Yanvar hadisələrinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Tədbir iştirakçıları Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin tələbələrinin hazırladıqları sərgiyə baxdıqdan sonra Tələbə Elmi Cəmiyyətinin sədri Arzu Cəfərzadə tədbiri açıq elan edərək, 20 Yanvar qurbanlarının və ümumilikdə Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərin ruhlarını 1 dəqiqəlik sükutla yad etmişdir.

20 Yanvar hadisələrinə həsr olunmuş qısa film nümayiş olunduqdan sonra öz fikirlərini söyləmək üçün söz universitetin rektoru professor Əhməd Vəliyevə verilmişdir. Əhməd Vəliyev 20 yanvar faciəsinin Azərbaycan xalqının tarixində tutduğu yerdən, əhəmiyyətindən söhbət açmışdır. O, qeyd etmişdir ki, bu tarix Azərbaycanın istiqlal yolunun başlanğıcı, xalqımızın azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən də məhz Heydər Əliyev oldu. 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.

Daha sonra tələbələr arasında keçirilmiş bədii qiraət, inşa-yazı, divar qəzeti, rəsm və “gənc yazarlar” müsabiqəsinin qalibləri Fəxri Fərmanla təltif olunmuşdur.

Tədbir tələbələrin çıxışları ilə davam etmişdir. Çıxış edənlər bildirmişdir ki, xalqımızın qan yaddaşına çevrilmiş 20 yanvar təkcə faciə deyil, həm də tariximizə əbədi həkk olunmuş qəhrəmanlıq salnaməsidir. Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Uzun illər sovet imperiyasının əsarətində yaşayan bir xalqın haqq səsini ucaltdığı, müstəqillik, suverenlik uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixi gündür.

1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.