OYU - loader

Novruz bayramı şənliyi keçirildi

Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak etdilər. Bayram tonqalının alışdırılması ilə başlayan tədbirdə ilk öncə Novruz bayramı haqqında iştirakçılara geniş məlumat verildi. Qeyd olundu ki, Ulu öndərin hakimiyyətdə olduğu dövrlərdə xalqımız öz milli dəyərlərinə daha çox sahib çıxıb, mənəvi irsin zənginliklərinə dərindən yiyələnib. Bayram tədbirinin bədii hissəsi də olduqca maraqlı keçdi. Kosa və keçəlin şən, məzəli çıxışları, istedadlı tələbələrin bir-birindən gözəl ifaları, nümayiş olunan səhnəciklər və ansamblın rəqsləri bayram iştirakçılarında xoş ovqat və gözəl əhval-ruhiyyə yaratdı.
Novruz şirniyyatları süfrəsi arxasında toplaşmış tədbir iştirakçıları bu gözəl bayram vasitəsilə yenidən bir araya gələrək ənənələrimizə uyğun bayramı qeyd etdilər. Onlar yumurta döyüşdürdü, səməni ətrafında novruz şamlarını alışdırdılar.
Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev tələbələrin hazırladıqları bayram süfrəsi ilə yaxından tanış oldu və onların hazırlıqlarını yüksək qiymətləndirdi.
Sonda tədbir iştirakçıları mərdlik və mübarizlik, vətənpərvərlik və həmrəyliyin mükəmməl bədii ifadəsi olan Yallı rəqsini ifa etdilər.
Bayram tədbirini tələbə və müəllimlər sona qədər maraqla izlədilər.