OYU - loader

“Rəqs günü” adlı festivalın qala konserti keçirilib

02 may 2019-cu il tarixdə Odlar Yurdu Universitetində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə Nərimanov rayonunda yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş “Rəqs günü” adlı festivalın qala konserti keçirilib.
“Rəqs Günü” festivalının əsas məqsədi Beynəlxalq Rəqs Gününü qeyd etmək, tələbələrin rəqs bacarığını ortaya çıxarmaq və onların asudə vaxtını səmərəli təşkil etmək olmuşdur.

Qala konsertdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Odlar Yurdu Universitetin rektoru professor Əhməd Vəliyev, Bakı Humanitar Kollecin direktor müavini Rasim Rzaxanov, Nərimanov rayonunda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin müəllimləri və tələbələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qonaqları və iştirakçıları salamladılar, qalibləri təbrik etdilər və qeyd etdilər ki, aprel ayının 29-da Beynəlxalq Rəqs Günü qeyd olundu. 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunmuş bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir. Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olunduğu tarixdən ənənəvi olaraq hər il qeyd olunur.

Qeyd edək ki, 19 aprel 2019-cu il tarixdə “Odlar Yurdu” Universitetində “Rəqs Günü” festivalın seçim turu keçirilmişdir.

Qala konsertdə 9 ali və orta ixtisas təhsil müəssisəsindən 35 nəfər tələbənin rəqs nömrələri nümayiş etdirilmişdir.

Azərbaycan Milli rəqs nominasiyası üzrə I yeri Odlar Yurdu Universitetinin və Bakı Humanitar Kollecin, II yeri Bakı Biznes və Kooperasiya Kollecin, III yeri isə Bakı Avrasiya Universitetinin və Azərbaycan Kooperasiya Universitetinin, xarici rəqs nominasiyası üzrə I yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, II yeri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, III yeri isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin, dünya rəqsləri nominasiyası üzrə I yeri Odlar Yurdu Universitetinin tələbələri tutmuşlar.

Sonda qalib gəlmiş tələbələr təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal və kuboklarla təltif olunmuşlar.