OYU - loader

Odlar Yurdu Universitetindən Cocuq Mərcanlıya!

Odlar Yurdu Universitetinin, Gənclərin Həmrəyliyinə Dəstək İB və Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə 05 iyun tarixində “Bir millət-iki dövlət!” şüarı altında həyata keçiriləcək motoyürüşün açılış tədbiri və ilk görüş baş tutdu. Tədbirin əvvəlində çıxış edən Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev qeyd elədi ki, “Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün müxtəlif dövrlərdə azərbaycanlılara və türklərə qarşı dəhşətli terror və soyqırım həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar. Ermənistan ölkəmizə qarşı hərbi təcavüzünə haqq qazandırmaq və eləcə də dünya ictimaiyyətinin diqqətini yayındırmaq məqsədi ilə bu gün də müxtəlif təxribat metodlarından istifadə edərək beynəlxalq ictimaiyyətdə zaman-zaman yalan təsəvvürlər yaratmağa çalışır. BMT-nin məlum tələblərinə məhəl qoymayan Ermənistan beynəlxalq ictimaiyyəti çirkin saxtalaşdırma yolu ilə yanıldır və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə qarşı etinadsızlığını nümayiş etdirir. Bu baxımdan düşmənin yalan informasiya və təbliğat sisteminə qarşı həyata keçirdiyi tədbirlərin davamı olaraq, 05 iyun-09 iyun tarixlərində Azərbaycan Gürcüstan və Türkiyədən qatılan 50-dən artıq peşəkar motosiklet sürücülərindən ibarət motoyürüş keçirəcək.

Təmsil etdikləri ölkənin və Azərbaycan Respublikasının bayraqları altında keçiriləcək yürüş Bakıda Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarının ziyarət olunması ilə start götürəcək.  Yürüş zamanı Azərbaycanın  bir sıra rayonları ziyarət olunacaq və ölkəmizin tarixi, mədəniyyəti, milli-mədəni irsi haqqında iştirakçılara geniş məlumat veriləcək. Daha sonra yürüş iştirakçıları Bakıdan Cocuq Mərcanlıya səfər edəcək. Səfər zamanı yürüş iştirakçıları Cocuq Mərcanlıda həyata keçirilmiş yenidənqurma və tikinti işləri ilə tanış olacaqlar. Qonaqlara Cocuq Mərcanlı kəndinin bərpası ilə cəmiyyətdə yaranan ruh yüksəkliyi, Azərbaycan ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında geniş məlumat veriləcək.

Sonda aksiyada aktiv iştirak edənlər Odlar Yurdu Universiteti tərəfindən Fəxri Fərmanla təltif olunacaqlar.