OYU - loader

Məzunlara Swiss Montro Biznes Universitetinin diplomları təqdim edilib

Odlar Yurdu Universitetinin məzunlarına İsveçrənin Swiss Montro Biznes Universitetinin diplomları və yeni tələbələrə tələbə biletləri təqdim olundu.
Qeyd edək ki, Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev və İsveçrənin Swiss Montro Biznes Universitetinin rektoru Fabio Fusi iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair müqaviləyə imza atmışdır.
Müqaviləyə əsasən Odlar Yurdu Universitetində bakalavr və magistr dərəcəsi üzrə təhsilini uğurla tamamlayan məzunlar həm də İsveçrənin Swiss Montro Biznes Universitetinin də diplomunu əldə edəcəklər. Odlar Yurdu Universitetində mövcud ixtisaslar üzrə təhsil standartları İsveçrənin Swiss Montro Biznes Universitetinin tədris proqramına uyğunlaşdırılmışdır. Təhsil aldığı dövr ərzində Odlar Yurdu Universitetinin təhsildə fərqlənən tələbə və magistrları İsveçrənin Swiss Montro Biznes Universitetində, o cümlədən, Avropanın digər aparıcı təhsil ocaqlarında qısa müddətli və uzun müddətli proqramların da iştirakçısı ola biləcəklər.
Həmçinin İsveçrənin Montro Biznes Universitetinin Elmi Şurasının qərarı ilə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev həmin universitetin Fəxri Professoru adına layiq görülüb. Eyni zamanda Əhməd Vəliyev İsveçrənin Montro Biznes Universitetinin Xüsusi Komitəsinin Daimi üzvü seçilərək, həmin ali məktəbdə qərarların qəbul edilməsində yaxından iştirak edir.
Tədbirdə respublikanın xalq artisti Elmira Rəhimova, Odlar Yurdu Universitetinin və ikili diplom proqramı çərçivəsində Swiss Montro Biznes Universitetinin də məzunu olan Həyat Fondunun təsisçisi, tanınmış aparıcı Hacı Nuran və digər qonaqlar iştirak edib.
Daha sonra məzunlara diplomları, yeni tələbələrə isə tələbə biletləri təqdim olundu. Diplom və tələbə biletlərini İsveçrənin Swiss Montro Biznes Universitetinin qəbul üzrə direktoru Andryu Tasun təqdim edib.
Sonra Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev çıxış edərək tələbələri təbrik etdi, onlara gələcək fəaliyyətlərində böyük uğurlar arzuladı.
Sonda xatirə şəkli çəkdirildi.