OYU - loader

Odlar Yurdu Universitetinin nümayəndə heyəti İspaniyada səfərdə olub

Odlar Yurdu Universitetinin nümayəndə heyəti İspaniyanın Alikante şəhərində, eyniadlı universitetində keçirilən təlimlərdə iştirak edib. Təlimlərdə İngiltərənin Middlesex, İsveçin Kral Texnologiya, Litvanın SMİC Tətbiqi Elmlər universitetlərinin ekspertləri ilə yanaşı, Azərbaycanın 11 ali təhsil müəssisəsindən nümayəndələr də iştirak ediblər.

Səfər çərçivəsində Odlar Yurdu Universitetini Magistratura şöbəsinin müdiri                      dos. Samirə Vəliyeva, Birləşmiş Fakültələr Departamentinin rəhbəri dos. Aynurə Qurbanova, Strateji İnkişaf, layihələr departamentinin rəhbəri Zaur Məmmədov, Tədqiqat və inkişaf mərkəzinin rəhbər Elşən Əziz təmsil ediblər.

“Azərbaycan Universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” mövzusunda Erasmus+ layihəsinin növbəti səfəri çərçivəsində baş tutan təlimlərdə bu istiqamətdə Odlar Yurdu Universitetində görülən işlərin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, universitetlərdə Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması ali təhsilin inkişafına çox müsbət təsir göstərəcək.

Təlimin ilk günündə Azərbaycan universitetlərinin hər biri özünütəhlil hesabatlarını təqdimat şəklində nümayiş etdiriblər. Avropa ali təhsil məkanında keyfiyyətin təminatı üzrə standartlar və qaydalara (ESG) müvafiq olaraq hazırlanmış hesabatlar Avropa ekspertləri tərəfindən dəyərləndirilib, tövsiyələr verilib. Sonra hesabatdakı bəzi məsələlərlə bağlı qruplar üzrə müzakirələr aparılıb. Növbəti gün keyfiyyətin təminatı mexanizmləri, ali təhsildə monitorinq və əsas keyfiyyət indikatorları üzrə Alikante Universitetinin təcrübəsi haqqında təqdimatlar olub.

Növbəti günlərdə innovativ tədrisin əhəmiyyəti, konkret dərs nümunələri əsasında layihə əsaslı tədrisin səmərəliliyi, professor-müəllim heyətinin təlimlərə cəlb edilməsi, karyera inkişafı strategiyasına təcrübə paylaşılıb. Universitetdə istifadə olunan məlumat bazası, onun işləmə mexanizmi, əhəmiyyəti haqqında təqdimatlar olub, əsas xüsusiyyətləri izah edilib.

Sonuncu gün isə hər bir universitet tərəfindən görəcəyi işlərə dair fəaliyyət planı hazırlanıb və layihə menecerləri tərəfindən təqdim edilib. Təlimin sonuncu günündə isə həftə ərzində verilmiş məlumatlar ümumiləşdirilib, layihənin gedişi və gələcək planlara dair müzakirələr aparılıb, təlim iştirakçılarının iştirakı ilə Alikante Universitetinin kampusu, muzeyi, kitabxana, oxu zalı ilə tanışlıq gəzintisi təşkil edilib.

Təlimlərdə Odlar Yurdu Universitetinin də mövcud olan keyfiyyət təminatı ilə bağlı hazırki vəziyyət analiz olunub və təcrübədən keçmiş modellər müzakirə edilib. Eyni zamanda layihədə nəzərdə tutulmuş Keyfiyyətin Təminatı Mərkəzinin fəaliyyəti ilə bağlı görüləcək işlərə toxunulub.