OYU - loader

“Bolonya əməkdaşlıq forumu” çərçivəsində tədbir keçirilib

Odlar Yurdu Universitetində Alman Akademik Mübadilə Xidməti (DAAD, Bonn) DAAD Bakı Məlumat Mərkəzi ilə birgə “Bolonya əməkdaşlıq forumu” çərçivəsində tədbir keçirilib.
Universitetin professor-müəllim heyətinin, tələbələrin, mütəxəssislərin və bir sıra qonaqların iştirak etdiyi tədbirdə Almaniyanın Osnabrueck Tətbiqi Elmlər Universitetinin professoru Volker Gehmlich müasir dünyada təhsilin, xüsusilə ali təhsilin mühüm rolundan danışıb. O, bildirmişdir ki, Azərbaycan təhsil sistemində Bolonya sisteminin tətbiqi üçün baza rolunu oynayacaq müasir tələblərə cavab verən kadrlar, komputerləşmə sistemi, o cümlədən sərbəst bazar mütləqdir. Azərbaycan Respublikasının Avropa Şurasına üzv olması Avropa məkanına inteqrasiyasını sürətləndirmişdir. Bu kimi proseslərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Avropa ölkələrinin təhsil nazirləri tərəfindən qəbul edilmiş Bolonya deklarasiyasını imzalamaqla respublikanın ali təhsil müəssisələrinin Avropa təhsil sisteminə inteqrasiyası yolunda mühüm addım atmişdir.
Qeyd olunub ki, tədbirin ümumi hədəfi Azərbaycan və Avropa Ali Təhsil Məkanına – Bolonya prosesinə qoşulan digər ölkələrin ali məktəbləri arasındakı əməkdaşlığı dəstəkləməkdən ibarətdir.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini qeyd edən Odlar Yurdu Universitetinin tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru Qabil Qafarov ali təhsil sahəsində universitetin əldə etdiyi uğurları da diqqətə çatdırıb.
Sonra ali təhsil sahəsi, xarici ölkələrin universitetləri ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı ümumi müzakirələr aparılıb.