Odlar Yurdu Universitetində Humanitar, Təhsil və Dillər Fakültəsi Birləşmiş Fakültələr Departamentinin tərkibində fəaliyyət göstərir. Bu fakültə universitetdə müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığının keyfiyyətini artırmaq və idarəetmə mexanizmini təkmilləşdirmək məqsədini güdür.
Fakültənin fəaliyyətində Birləşmiş Fakültələr Departamenti, universitetin tədris şöbəsi, həmçinin fakültəyə tabe olan üç kafedra – Psixologiya, Pedaqogika və Sosial Fənlər; Filologiya və Humanitar Fənlər; Dillər kafedraları və digər struktur bölmələri mühüm rol oynayır. Fakültə, ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən qanunlar, universitetin müvafiq nizamnaməsi, elmi şuranın qərarları, rektorun əmrləri və sərəncamlarını əsas götürərək fəaliyyətini təşkil edir.
Tələbələrlə iş zamanı bütün təhsil formaları üçün tədris planlarına uyğun olaraq praktiki, seminar və digər tip dərslərin müasir təhsil sisteminin tələblərinə uyğun şəkildə aparılması təmin edilir. Kafedralarda tədris edilən fənlər üzrə tədris proqramları, dərsliklər və dərs vəsaitləri hazırlanır, kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planları təşkil edilir. Tələbələrə elmi-nəzəri və praktiki biliklərin verilməsi məqsədilə müxtəlif metodikalar tətbiq edilir.
Fakültənin başlıca vəzifələri arasında kadr potensialını artırmaq, tələbələrlə iş prinsiplərini daha obyektiv və innovativ etmək önəmli yer tutur. Kafedra müdirləri və təcrübəli müəllimlər müntəzəm olaraq dərslərdə iştirak edir, müəllimlərə lazımi məsləhətlər verir və elmi-metodik dəstək göstərirlər. Tədrisin yüksək səviyyədə aparılması və müasir dövrün tələblərinə uyğun mütəxəssislərin hazırlanması fakültənin fəaliyyətinin əsas prioritetidir.
Hazırda fakültənin fəaliyyətinin yüksək səviyyədə davam etdirilməsi universitet rəhbərliyinin nəzarəti altında həyata keçirilir.