Professor Əhməd Vəliyev

Professor Əhməd Vəliyev

Rektor

Professor Əhməd Vəliyev Azərbaycan Respublikası Milli Məclisinin III (2005–2010) və IV (2010–2015) çağırış deputatı olaraq elm və təhsil komissiya üzvü seçilmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professor və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif edilib.
Vəliyev Əhməd 1946-cı ildə anadan olmuş, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin "Mexanika-riyaziyyat" fakultəsinə daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun riyaziyyat kafedrasında laborant, baş laborant, laboratoriya müdri, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.
1990–1997-ci illərdə Bakı Sənaye-Pedaqoji texnikumunun direktoru vəzifəsində işləmişdir. 1995-ci ildə Odlar Yurdu Universitetini yaratmışdır.
Əhməd Vəliyev Fizika-riyaziyyat elmləri namizədi, Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru (Ph.D), Fizika-riyaziyyat üzrə Elmlər doktoru elmi dərəcələrini və dosent, professor elmi adlarını almışdır. Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının və Rusiya Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür.

Universitet quruculuğu və yeni təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərinə görə Əhməd Vəliyev aşağıdakı orden və medallarla təltif edilmişdir:
1. Azərbaycan Respublikası Prezidentinin təltifi-Şöhrət Ordeni
2. Fransa İqtisadiyyata Yardım Assosasiyasının - Qızıl Medalı
3. Azərbaycan Respublikası Təhsil Nazirliyi-Yubiley Medalı
4. Azərbaycan Respublikası Təhsil Nazirliyi - Qabaqcıl Təhsil İşçisi Döş Nişanı
5. General Səməd bəy Mehmandarov - Yubiley Medalı

İxtisası üzrə yüzdən çox elmi məqalə, ondan çox elmi monoqrafiya, onlarla dərslik və dərs vəsaitinin müəllifidir.
Əhməd Vəliyev siyasi publisistika janrında yazılmış "Bəsirət ünvanı" adlı kitabın müəllifidir. Bu kitabda Ulu öndər Heydər Əliyevdən sonra “Azərbaycanın gələcək taleyini kimə tapşırmaq olar” sualına cavabın məntiqi təhlili aparılmış və nəticə olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu işin öhdəsindən gələ biləcəyi göstərilmişdir. Kitab latın və ərəb qrafikası ilə Azərbaycan dilində, 2003-cü ildə isə ingilis dilində çap olunmuşdur.
Bundan başqa, professor Əhməd Vəliyev Azərbaycan Respublikası 1-ci Vitse prezidenti Mehriban Əliyevanın ictimai və siyasi fəaliyyətinə həsr olunmuş “Adının sahibi” kitabının hazırlamış və nəşr etdirmişdir.
Ailəlidir, 3 övladı var.