Odlar Yurdu Universitetinin Keyfiyyət Təminatı Siyasəti

Odlar Yurdu Universitetinin Keyfiyyət Təminatı Siyasəti

Odlar Yurdu Universitetində keyfiyyət təminatı siyasəti Azərbaycan Respublikasının təhsil siyasətinə və milli inkişaf strategiyasına əsaslanaraq, təhsilin yüksək səviyyədə təşkilini və beynəlxalq rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir. Bu siyasət, “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” (2013), Bolonya təhsil prosesinin müddəaları, “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”, “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və qaydalar”, həmçinin Elm və Təhsil Nazirliyinin və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) normativ-hüquqi sənədləri ilə uyğundur.

Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, universitetin inkişafı və keyfiyyət təminatı siyasətinin həyata keçirilməsində müstəsna rol oynayır. Onun rəhbərliyi ilə universitet, təhsil prosesinin keyfiyyətini artırmaq və beynəlxalq standartlara cavab verən təhsil mühiti yaratmaq istiqamətində əhəmiyyətli addımlar atır.

Odlar Yurdu Universitetinin keyfiyyət təminatı siyasətinin əsas məqsədi, cəmiyyətin və müasir əmək bazarının tələblərinə cavab verən, yaradıcı, milli düşüncəli, yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. Bu siyasət, davamlı təhsilin təşkili ilə yanaşı, ali təhsil pillələri üzrə subbakalavr, bakalavr, magistratura və doktorantura səviyyələrində həyata keçirilir.

Universitetin keyfiyyət təminatı siyasəti Strateji İnkişaf Planı (SİP) çərçivəsində universitetin funksional qurumları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinə, elmi tədqiqatların səmərəliliyinin artırılmasına və təhsilin keyfiyyətinin yüksək səviyyədə təmin olunmasına yönəlib. Odlar Yurdu Universiteti, 2018-ci ildən etibarən “Azərbaycan ali təhsil müəssisələrində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” qərarına əsasən, EQAC adlı Erasmus+ layihəsinin fəal iştirakçılarından biri olmuşdur.

Universitet Azərbaycanda təhsilin keyfiyyətinə yüksək önəm verən yeganə ali təhsil müəssisəsidir ki, Keyfiyyət Təminatı Mərkəzi yaratmaqla yanaşı, keyfiyyətin təminatı və beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsini təsis etmişdir. Bu sahədə uzun illər təcrübəyə malik olan professor Fəxrəddin Məmmədov, bu vəzifəyə təyin edilərək, universitetin bu istiqamətdəki siyasətinin icrasına rəhbərlik edir. Universitetin keyfiyyət təminatı siyasəti, inkişaf etmiş ölkələrin təcrübələrini nəzərə alaraq, innovativ və standartlara cavab verən təhsil proqramlarının hazırlanması və onların optimallığının, mobilliyinin təmin edilməsi monitorinqinin müvafiq standartlara uyğun olaraq qiymətləndirilməsini əhatə edir.

Odlar Yurdu Universitetində tələbəyönümlü və praktikayönümlü tədris, qiymətləndirmə sistemləri, tələbələrin fəal iştirakını və motivasiyasını artırmaq məqsədi daşıyır. Bu yanaşma, tələbələrdə özünütəhlil, müstəqil və tənqidi düşüncə bacarıqlarının formalaşdırılmasına xidmət edir. Universitetin daxili keyfiyyət təminatı siyasətinə uyğun olaraq, müvafiq standartlar və qaydalar hazırlanmışdır ki, bunlar təhsilin bütün sahələrini əhatə edir.

Universitetdə təhsilalanların təhsil mühiti zənginləşdirilmiş resurslar, müasir informasiya texnologiyaları, kitabxana, tibbi xidmət və digər resurslarla təmin olunması mühüm əhəmiyyət kəsb edir. Bu resursların beynəlxalq standartlara uyğunlaşdırılması, Odlar Yurdu Universitetinin daxili keyfiyyət təminatı siyasətinin əsas tərkib hissəsidir. Universitetin tələbə dəstək sistemi də davamlı olaraq təkmilləşdirilir.

Professor-müəllim heyətinin peşəkarlığının artırılması, müasir bilik, bacarıq və vərdişlərin mənimsənilməsi və tədris metodologiyasının daim təkmilləşdirilməsi də universitetin keyfiyyət təminatı siyasətinin ayrılmaz hissəsidir. Akkreditasiya prosesləri dövri olaraq həyata keçirilir və bütün proqramlar, layihələr və fəaliyyətlər bu çərçivədə qiymətləndirilir.

Universitetin fəaliyyətləri və təhsil proqramları, cəmiyyət üçün açıq informasiya sistemləri vasitəsilə ictimaiyyətə təqdim olunur. Bu informasiyaların idarə edilməsi və maraqlı tərəflərlə əlaqələrin şəffaf və dəqiq şəkildə qurulması, Odlar Yurdu Universitetinin daxili keyfiyyət təminatı siyasətinin əsas məqsədlərindən biridir.

Odlar Yurdu Universiteti, öz strateji inkişaf planını və keyfiyyət təminatı siyasətini reallaşdırarkən, tədrisin keyfiyyətini, fəaliyyətlərin və xidmətlərin qlobal çağırışlara uyğunluğunu dövri olaraq özünütəhlil və qiymətləndirmə hesabatları vasitəsilə müəyyənləşdirir.