Odlar Yurdu Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan tələbələri istehsalat təcrübəsini uğurla başa vurmuş və bu münasibətlə təşkil olunmuş yekun müdafiədə iştirak etmişlər.
Müdafiə zamanı tələbələr təcrübə dövründə qazandıqları praktiki bilik və bacarıqları əks etdirən təqdimatlarla çıxış etmiş, müxtəlif otel və turizm agentliklərində apardıqları müşahidə və fəaliyyətləri ətraflı şəkildə təqdim etmişlər. Təcrübə müddətində onlar nəzəri biliklərini real iş mühiti ilə uzlaşdırmaq imkanı əldə edərək, turizm sahəsində gələcək peşəkar fəaliyyətə daha hazırlıqlı olduqlarını nümayiş etdirmişlər.
Müdafiədə komissiya tərkibində “Beynəlxalq münasibətlər və turizm” kafedrasının professor-müəllim heyəti ilə yanaşı, istehsalat təcrübəsinin keçirildiyi müəssisələrdən dəvət olunmuş nümayəndələr – “Arium Hotel Baku”nun direktoru Ramin İsmayılzadə də iştirak etmişdir.
Komissiya üzvləri tələbələrin çıxışlarını yüksək qiymətləndirərək, onların praktiki hazırlıq səviyyəsini və təqdim olunan məlumatların aktuallığını xüsusi olaraq vurğulamışlar. Bildirilmişdir ki, tələbələrin təcrübə dövründə göstərdikləri fəallıq və əldə etdikləri nəticələr gələcək peşəkar karyeralarında mühüm rol oynayacaq.
Tədbirin sonunda çıxış edən komissiya üzvləri tələbələrə uğurlar arzulamış, onların əldə etdikləri nailiyyətlərin Odlar Yurdu Universitetinin praktiki yönümlü təhsil strategiyasının bariz nümunəsi olduğunu qeyd etmişlər.
Qeyd edək ki, nəzəri dərsləri və istehsalat təcrübəsini uğurla tamamlayan tələbələr növbəti mərhələ olan diplomqabağı təcrübəyə başlamağa hazırlaşırlar.