Odlar Yurdu Universitetində Albaniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Besart Kadia ilə universitetin İdarəetmə Şurasının sədri, professor Samir Vəliyev arasında görüş baş tutub.
Görüş zamanı tərəflər Azərbaycan və Albaniya arasında təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Xüsusilə tələbə mübadiləsi proqramlarının genişləndirilməsi, akademik tərəfdaşlıqların qurulması və birgə təhsil proqramlarının yaradılması kimi məsələlər diqqət mərkəzində olub. Qeyd edilib ki, bu cür təşəbbüslər yalnız tələbələr üçün yeni imkanlar yaratmır, eyni zamanda ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsinə mühüm töhfə verir.
Müzakirələr zamanı özəl universitetlərin beynəlxalq əməkdaşlıqların qurulmasında daha çevik və operativ fəaliyyət göstərə bildiyi vurğulanıb. Bu baxımdan, onların yeni tərəfdaşlıqlar üçün effektiv platforma rolunu oynaya biləcəyi bildirilib. Bununla yanaşı, hökumətlərarası səviyyədə də təhsil sahəsində əməkdaşlıq perspektivlərinin nəzərdən keçirildiyi qeyd olunub. Təhsil nazirlikləri arasında aparılan müzakirələrin gələcəkdə daha sistemli və rəsmi birgə proqramlara çevrilə biləcəyi diqqətə çatdırılıb.
Görüş çərçivəsində beynəlxalq təhsil təcrübəsinin əhəmiyyəti də vurğulanıb. Xaricdə təhsil və akademik mübadilə proqramlarının fərqli baxış bucaqları qazandırdığı, eyni zamanda fərdi və peşəkar inkişafda mühüm rol oynadığı bildirilib. Bununla yanaşı, xaricdə qalmaq və ya vətənə qayıtmaq kimi seçimlərin şəxsi və sosial amillərlə bağlı mürəkkəb qərarlar olduğu qeyd edilib.
Tərəflər gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi və konkret layihələrin həyata keçirilməsi istiqamətində əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27