Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə informasiya təhlükəsizliyi və rəqəmsal transformasiya cəmiyyətin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Süni intellekt, kibertəhlükələr, rəqəmsal idarəetmə və innovativ texnologiyalar gələcəyin inkişaf trayektoriyasını müəyyənləşdirən əsas amillər sırasında yer alır.
Bu istiqamətdə uzun illər mühüm fəaliyyət göstərmiş keçmiş rabitə və yüksək texnologiyalar naziri, Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və kibertəhlükəsizlik kafedrasının müdiri, akademik Əli Abbasov ilə Odlar Yurdu Universitetinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri, jurnalist Pərvanə Fərhadqızının müsahibəsi baş tutub.
SUAL: Hazırda Odlar Yurdu Universiteti İnformasiya texnologiyaları və kibertəhlükəsizlik kafedrasına rəhbərlik edirsiniz. Bu vəzifədə əsas prioritetləriniz nələrdir?
CAVAB: Bizim əsas məqsədimiz universitet tələbələrinin bilik və bacarıqlarını inkişaf etdirmək, onları əmək bazarına hazırlamaqdır. Çalışırıq ki, tələbələr universitetdə təhsil aldıqları müddətdə praktik təcrübə qazansınlar və gələcəkdə sənaye sahələrində işləməyə hazır olsunlar. Bu baxımdan, məqsədimiz tələbələrin hələ təhsil dövründə istehsalat və sənaye mühitinə inteqrasiya olunmasını təmin etməkdir. Belə ki, onlar ilk iş təcrübələrini elə universitet illərində qazansınlar və məzun olduqdan sonra əmək bazarında tələb olunan mütəxəssislərə çevrilsinlər. Bu istiqamətdə ən vacib hədəflərimizdən biri universitet ilə sənaye arasında möhkəm əlaqələrin — yəni körpünün qurulması və qorunmasıdır. Bunun üçün tələbələrin startap layihələrinə cəlb edilməsi, onların innovativ təşəbbüslərinin dəstəklənməsi və sənaye ilə birgə layihələrdə iştirakının təmin olunması xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda, tələbələrin əmək bazarında hansı bacarıqlara ehtiyac olduğunu əvvəlcədən öyrənməsi və bu istiqamətdə inkişaf etməsi üçün müvafiq addımlar atılır. Bütün bunlar tələbələrin gələcək karyerasına daha hazır və rəqabətqabiliyyətli şəkildə başlamasına şərait yaradır.
SUAL: Kibertəhlükəsizlik sahəsində müasir dövrün ən aktual çağırışlarını necə qiymətləndirirsiniz?
CAVAB: Bu sahədə aparılan işlərin əhəmiyyəti olduqca böyükdür. Kibertəhlükəsizlik bu gün ən vacib problemlərdən biridir. Nəzərə alsaq ki, 2024-cü ildə qlobal IT gəlirləri təxminən 5,4 trilyon dollar olmuşdur, kiberhücumlar və kibercinayətkarlıq nəticəsində dünya iqtisadiyyatına dəyən zərər isə təxminən 8 trilyon dollar təşkil etmişdir. Bu isə onu göstərir ki, kibertəhlükəsizliyin yetərincə təmin olunmaması nəticəsində yaranan zərər daha böyükdür. Buna görə də bu sahədə peşəkar mütəxəssislərin hazırlanması olduqca vacibdir. Sevindirici haldır ki, artıq bu istiqamətdə ciddi addımlar atılır və tələbələr hazırlanır.
Keçirilən konfransların da əsas məqsədi kibertəhlükəsizlik sahəsində bilik və bacarıqların artırılması, müasir təlimlərin təşkili və bu sahəyə marağın gücləndirilməsidir. Bu gün kibertəhlükəsizlik sahəsi paradoksal şəkildə inkişaf edir. Çünki bir tərəfdən texnologiyalar inkişaf etdikcə yeni imkanlar yaranır, digər tərəfdən isə yeni təhlükələr meydana çıxır. Xüsusilə süni intellektin sürətli inkişafı bu sahədə həm imkanlar, həm də risklər yaradır.
Əsas istiqamətlərdən biri süni intellektdən istifadə etməklə kibertəhlükəsizliyin daha effektiv şəkildə təmin olunmasıdır. Bununla yanaşı, süni intellektdən sui-istifadə edərək yeni kiberhücumların həyata keçirilməsi riski də mövcuddur. Bu səbəbdən bizim əsas məqsədimiz süni intellektin inkişafı ilə paralel olaraq kibertəhlükəsizlik sistemlərini gücləndirmək, riskləri minimuma endirmək və bu sahədə müasir, rəqabətqabiliyyətli mütəxəssislər yetişdirməkdir.
SUAL: Magistratura səviyyəsində İT və kibertəhlükəsizlik ixtisaslarını seçən tələbələr üçün hansı imkanlar yaradılır?
CAVAB: Magistratura səviyyəsi çox vacib mərhələdir. Çünki müşahidələr göstərir ki, bakalavr təhsilini başa vurduqdan sonra tələbələrin böyük bir hissəsi təhsillərini magistratura səviyyəsində davam etdirirlər. Bu mərhələdə əsas məqsəd onların əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına nail olmaqdır. Magistratura təhsili zamanı tələbələrə həm nəzəri biliklər, həm də praktik bacarıqlar aşılanır. Bununla yanaşı, onların elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasına da xüsusi diqqət yetirilir. Magistraturanı bitirən tələbələrin bir qismi doktorantura səviyyəsində təhsillərini davam etdirərək elmi fəaliyyətlə məşğul olurlar. Digər hissəsi isə qazandıqları bilik və bacarıqları sənayedə tətbiq edərək peşəkar fəaliyyətə başlayırlar.
Xüsusilə IT və kibertəhlükəsizlik sahəsində magistratura təhsili alan tələbələr üçün həm tətbiqi layihələr, həm də real problemlərin həllinə yönəlmiş tədqiqat imkanları yaradılır. Bu isə onların həm nəzəri, həm də praktiki cəhətdən inkişafına şərait yaradır. Süni intellekt və maşın öyrənmə sahəsinə gəldikdə isə, bu istiqamətlər hazırda sürətlə inkişaf edir və gələcəkdə əmək bazarında mühüm rol oynayacaq. Proqnozlara görə, yaxın illərdə bir çox ənənəvi peşələr azalacaq, eyni zamanda yeni peşələr yaranacaq. Bu baxımdan, tələbələrin bu dəyişikliklərə hazır olması vacibdir.
Azərbaycan inkişaf etməkdə olan ölkə kimi bu sahədə böyük potensiala malikdir. Dövlət səviyyəsində həyata keçirilən iqtisadi və rəqəmsal inkişaf siyasəti də bu istiqamətə yönəlib. Süni intellektin tətbiqi iqtisadiyyatın müxtəlif sahələrində məhsuldarlığın artmasına səbəb olur. Bu sahədə uğur qazanmaq üçün ən vacib amillərdən biri məlumatların (data) toplanması və düzgün təhlilidir. Böyük verilənlərin analizi, maşın öyrənmə modellərinin qurulması və onların real problemlərə tətbiqi əsas prioritetlərdəndir.
Universitetlər də bu istiqamətdə çalışaraq tələbələrə həm müasir biliklər, həm də praktiki bacarıqlar qazandırmağa çalışır. Məqsəd gələcəyin tələblərinə cavab verən, rəqabətqabiliyyətli və innovativ mütəxəssislər yetişdirməkdir.
SUAL: Süni intellekt və maşın öyrənməsi sahəsində ölkəmizdə potensialı necə dəyərləndirirsiniz? Tələbələrin bu sahədə daha rəqabətqabiliyyətli olması üçün hansı bacarıqlara üstünlük verilməlidir?
CAVAB: Biz bu gün tələbələrimizi və gənclərimizi gələcəyin tələblərinə uyğun şəkildə hazırlayırıq. Məqsədimiz onların yeni yaranan peşələrə yönəlməsini təmin etməkdir. Xüsusilə qeyd etmək lazımdır ki, hazırda məlumat texnologiyaları və proqramlaşdırma sahəsində imkanlar çox genişdir və bu sahədə biliklər ən dəyərli resurslardan birinə çevrilib. Əsas hədəfimiz odur ki, bu imkanlar cəmiyyətin bütün üzvləri üçün əlçatan olsun, inklüziv inkişaf təmin edilsin və hər bir fərd bu prosesdə iştirak edə bilsin. Çünki rəqəmsal inkişaf nə qədər geniş yayılarsa, ümumi tərəqqi də bir o qədər sürətli olacaq.
Bununla yanaşı, ən böyük çağırışlardan biri ölkələr arasında inkişaf fərqidir. Bu gün Şimali Amerika, Çin və Qərbi Avropa ölkələrində texnoloji inkişaf daha sürətlə gedir. Azərbaycan isə inkişaf etməkdə olan ölkə kimi bu istiqamətdə öz mövqeyini gücləndirməyə çalışır.
Bu səbəbdən ölkəmizdə həyata keçirilən əsas siyasət istiqamətlərindən biri süni intellektin inkişafına yönəlib. Burada məqsəd yalnız texnoloji inkişaf deyil, eyni zamanda süni intellekt sahəsində milli maraqların qorunması və texnoloji suverenliyin təmin edilməsidir. Bu istiqamətdə müzakirələrin aparılması, strategiyaların hazırlanması və praktiki addımların atılması xüsusi əhəmiyyət kəsb edir.
SUAL: Gənc mütəxəssislərə və tələbələrə bu sahədə hansı tövsiyələri verərdiniz?
CAVAB: Gənclərə və tələbələrə bu sahədə əsas tövsiyəm odur ki, təhsilə ciddi yanaşsınlar və daim öz üzərlərində işləsinlər. Onlar həm öyrəndikləri biliklərə, həm də bu sahədə uğur qazanmış şəxslərin təcrübələrinə diqqətlə yanaşmalı, onlardan faydalanmalıdırlar. Bu gün çox yaxşı imkanlar mövcuddur. Rəqəmsal infrastruktur inkişaf edib, mühəndislər və İT sahəsində çalışanlar üçün geniş imkanlar yaradılıb. Tələbələr bu imkanlardan maksimum istifadə etməlidirlər.
Universitetimizdə də tələbələr üçün hər cür şərait yaradılıb. Xüsusilə fakültəmizdə fəaliyyət göstərən laboratoriyalar və xarici resurslara çıxış imkanları tələbələrin inkişafına böyük dəstək verir. Eyni zamanda, təcrübəli müəllimlərimiz tələbələrə daim istiqamət verir və onlara faydalı tövsiyələr təqdim edirlər. Əsas məqsəd odur ki, gənclər bu imkanlardan düzgün istifadə etsinlər və özlərini rəqəmsal sahədə inkişaf etdirsinlər. Çünki gələcək məhz bu istiqamətdə qurulur və uğura gedən yol birlikdən və davamlı inkişafdan keçir. Mən inanıram ki, Odlar Yurdu Universiteti bu sahədə artıq çox yaxşı addımlar atıb və bundan sonra da tələbələrin inkişafı üçün fəaliyyətini davam etdirəcək.
SUAL: Dəyərli fikirləriniz və səmimi müsahibəniz üçün təşəkkür edirik. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
CAVAB: Mən də təşəkkür edirəm. Odlar Yurdu Universitetinə və tələbələrimizə uğurlar arzulayıram!