Odlar Yurdu Universitetinin Karyera və məzunlarla iş (ALUMNI) departamenti ilə “İqtisadiyyat və idarəetmə” fakültəsinin birgə təşkilatçılığı ilə “Marketoloqlar necə hərkəsdən daha çox pul qazanır?” mövzusunda maarifləndirici seminar keçirilmişdir. Tədbir marketinq sahəsində karyera qurmaq arzusunda olan tələbələr və gənc mütəxəssislər üçün praktiki bilik və faydalı tövsiyələr təqdim etməklə onların peşəkar inkişafına dəstək vermək məqsədi daşıyırdı.
Seminarın açılış hissəsində Odlar Yurdu Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekan müavini dosent Babək Feyzullayev və Karyera və Məzunlarla İş (ALUMNI) Departamentinin rəhbəri Aslan Əzimzadə çıxış etmiş, belə təşəbbüslərin tələbələrin əmək bazarına uğurlu inteqrasiyasındakı roluna və marketinq sahəsinin müasir dövrdə artan əhəmiyyətinə toxunmuşlar. Həmçinin, universitetin tələbələrin karyera bacarıqlarının inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı fəaliyyətlər barədə iştirakçılara ətraflı məlumat vermişlər.
Seminarın əsas hissəsini Odlar Yurdu Universitetinin dəvəti ilə təcrübəli təlimçi Elvin Əsgərov aparmışdır. O, çıxışında marketinq peşəsinin spesifik xüsusiyyətlərini, gəlir imkanlarının artırılması üçün istifadə edilən effektiv strategiyaları və real iş təcrübələrini iştirakçılarla bölüşmüşdür. Seminar zamanı əmək bazarında rəqabətədavamlı marketoloq olmaq üçün tələb olunan əsas bacarıqlar və cari trendlər də dərindən təhlil olunmuşdur.
Seminarın sonunda iştirakçılardan gələn suallar diqqətlə cavablandırılmış, praktiki tövsiyələr verilmişdir.
Odlar Yurdu Universiteti belə tədbirlər vasitəsilə tələbələrin peşəkar hazırlığını gücləndirməyə və onları əmək bazarının tələblərinə uyğun şəkildə formalaşdırmağa davam edir.