Odlar Yurdu Universiteti ilə “GATA Group” arasında strateji əməkdaşlığa dair rəsmi görüş keçirilmişdir

10 İyun, 2025

Odlar Yurdu Universiteti ilə “GATA Group” arasında strateji əməkdaşlığa dair rəsmi görüş keçirilmişdir

Odlar Yurdu Universiteti beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində daha bir mühüm addım atmışdır. Belə ki, Universitetdə “GATA Group” şirkəti ilə birgə əməkdaşlıq perspektivlərinin müzakirəsinə həsr olunmuş rəsmi görüş baş tutmuşdur.

Görüşdə Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı professor Samir Vəliyev, Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektor professor Fəxrəddin Məmmədov, Aparat rəhbəri professor Heydər Qəmbərov və Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor dosent Qabil Qafarov iştirak etmişlər.

Görüş çərçivəsində qonaq qismində iştirak edən “GATA Group” şirkətinin qurucusu Vüqar Abbasov və Türk-Alman Universitetinin professoru Ruhet Genç universitet rəhbərliyi ilə birgə əməkdaşlıq imkanlarını əhatə edən geniş fikir mübadiləsi aparmışlar.

Tərəflər arasında aparılan müzakirələrdə təhsil və elmi-tədqiqat sahələri ilə yanaşı, logistika və turizm sektorlarında da birgə fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Görüş nəticəsində gələcəkdə ortaq layihələrin icrası, akademik və peşəkar mübadilə proqramlarının təşkili, innovativ təşəbbüslərin reallaşdırılması üzrə ilkin razılaşmalar əldə olunmuşdur.

Tərəflər bu əməkdaşlığın hər iki qurum üçün qarşılıqlı dəyər yaratmaqla yanaşı, bilik iqtisadiyyatının gücləndirilməsi və qlobal təhsil mühitinə inteqrasiya baxımından strateji əhəmiyyət daşıdığını vurğulamışlar. Görüş səmimi və konstruktiv dialoq şəraitində keçmişdir.