Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevin Milli Qurtuluş Günü münasibətilə təbriki

15 İyun, 2025

Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevin Milli Qurtuluş Günü münasibətilə təbriki

Hörmətli Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin professor-müəllim heyəti və tələbələri!

Bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın taleyində böyük əhəmiyyəti olan günlərdən biri – 15 İyun – Milli Qurtuluş Günüdür.
Bu əlamətdar gün münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, sizə sağlamlıq, uğurlar və fəaliyyətinizdə davamlı nailiyyətlər arzulayıram!
15 İyun xalqımız üçün təkcə təqvimdəki bir tarix deyil – bu gün ölkəmizin yenidən dirçəlişinin, dövlətçiliyimizin xilası və gələcəyə inamla irəliləməsinin başlanğıcıdır. Bu taleyüklü dönüşün memarı isə müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev olmuşdur.
Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan təkcə müstəqilliyini qoruyub saxlamaqla kifayətlənmədi, həm də böyük inkişaf yolu keçdi. Onun ölkənin siyasi, iqtisadi, mədəni və sosial həyatında olduğu kimi, təhsil sahəsində də misilsiz xidmətləri bu gün də böyük ehtiramla xatırlanır.
Sevindirici haldır ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf xətti bu gün onun layiqli davamçısı, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilir. Azərbaycan xalqı bu uzaqgörən siyasətin işığında sabaha doğru inamla irəliləyir.
Bir daha hər birinizi təbrik edir, ölkəmizin rifahı naminə göstərdiyiniz səylərə görə minnətdarlığımı bildirirəm.

Hörmətlə,
Professor Əhməd Vəliyev
Odlar Yurdu Universitetinin rektoru