Odlar Yurdu Universitetinin akademik heyəti beynəlxalq elmi platformalarda uğurla təmsil olunmaqda davam edir. Universitetin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının müəllimi, Karyera və məzunlarla iş (ALUMNI) departamentinin rəhbəri Aslan Əzimzadənin həmmüəllifi olduğu elmi tədqiqat ABŞ-ın nüfuzlu IGI Global nəşriyyatında dərc olunaraq beynəlxalq elmi ictimaiyyətə təqdim edilmişdir.
"International Relations Dynamics in the 21st Century: Security, Conflicts, and Wars" adlı monoqrafiyada yer alan və Aslan Əzimzadənin həmmüəllifliyi ilə yazılmış “Humanitarian Crises in the Digital Age” bölməsi yüksək elmi dəyərinə görə dünyanın aparıcı elmi bazalarından biri olan Scopus tərəfindən indekslənmişdir. Nəşrin elmi redaktoru isə tanınmış türk alimi, dosent doktor Merve Suna Özel Özcan olmuşdur.
Bu uğur, Odlar Yurdu Universitetinin beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi və qlobal elmi ictimaiyyətə inteqrasiyası istiqamətində atdığı mühüm addımlardan biridir. Müəllimlərimizin nüfuzlu beynəlxalq nəşrlərdə təmsil olunması universitetin elmi potensialını, akademik nüfuzunu və çağdaş elmi trendlərə uyğun inkişaf strategiyasını bir daha ortaya qoyur.
Odlar Yurdu Universiteti olaraq, bu uğura görə əməkdaşımızı təbrik edir, ona gələcək elmi fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq.