Odlar Yurdu Universitetinin nümayəndə heyətinin Çin Xalq Respublikasına rəsmi səfəri planlaşdırıldığı kimi uğurla davam etmiş və səmərəli əməkdaşlıqla yadda qalmışdır.
Səfərin ikinci günü çərçivəsində Odlar Yurdu Universiteti ilə Çin Xalq Respublikasının Liaoning əyalətində yerləşən “Müasir Servislər üçün Peşə-Texniki Təhsil Müəssisəsi” arasında imzalanmış əməkdaşlıq memorandumunun müvafiq müddəalarının icrasının təmin olunması məqsədilə praktik təlimlər təşkil edilmişdir. Tədbir hər iki ali təhsil müəssisəsinin tələbələrinin iştirakı ilə baş tutmuşdur.
Birgə təlim və təcrübə mübadiləsi formatında keçirilən məşğələlərdə iştirakçılar “Sərhədlərarası Elektron Ticarət” və “Yeni Media İdarəçiliyi” istiqamətləri üzrə yaradılmış komanda şəklində fəaliyyət göstərmişlər. Tələbələr 2025-ci ildə baş tutacaq Dünya Peşə Təhsili Yarışlarının Liaoning mərhələsinə təqdim olunmaq məqsədilə elektron marketinq materialları hazırlamışlar.
Səfərin sonunda təlimdə fəal iştirak edən tələbələrə müvafiq sertifikatlar təqdim edilmişdir.
Beləliklə, Odlar Yurdu Universitetinin nümayəndə heyətinin Çin Xalq Respublikasına rəsmi səfəri qarşıya qoyulan məqsədlərə uyğun şəkildə uğurla başa çatmışdır. Səfər çərçivəsində qurulan akademik əməkdaşlıq və tələbə mübadiləsi imkanları hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir və gələcəkdə davamlı inkişaf üçün möhkəm zəmin yaradır.
Ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Odlar Yurdu Universiteti beynəlxalq tərəfdaşlıqlarını genişləndirməklə qlobal elm və təhsil mühitində öz mövqeyini möhkəmləndirməkdə davam edir.