OYU-da 2025–2026-cı tədris ilinin başlanğıcı ilə bağlı iclas keçirilmişdir

03 Sentyabr, 2025

OYU-da 2025–2026-cı tədris ilinin başlanğıcı ilə bağlı iclas keçirilmişdir
Odlar Yurdu Universitetində yeni 2025–2026-cı tədris ilinin başlanması ilə əlaqədar iclas təşkil olunmuşdur.
OYU-nun İdarəetmə şurasının sədri, Milli Məclisin deputatı, professor Samir Vəliyev iclası açaraq iştirakçıları salamlamış və yeni 2025–2026-cı tədris ilinin başlanması münasibətilə kollektivə təbriklərini çatdırmışdır.
İclasda ümumi məsələlər, qarşıda duran hədəflər və xüsusilə ikili diplom proqramının perspektivləri müzakirə olunmuşdur.
Qeyd olunmuşdur ki, universitetin strukturunda müəyyən dəyişikliklər həyata keçirilmişdir. Belə ki, elmi işlər və keyfiyyət təminatı üzrə prorektor vəzifəsinə professor Fəxrəddin Məmmədov, tədris işləri üzrə prorektor vəzifəsinə dosent Qabil Qafarov, strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsinə professor Elşad Məmmədov, təsərrüfat və mülki müdafiə işləri üzrə prorektor vəzifəsinə isə Məzahir Vəliyev təyin olunmuşdur. Bununla yanaşı, ümumi strukturda da mühüm dəyişikliklərin aparıldığı, idarəetmə və fəaliyyət mexanizmlərinin daha çevik və müasir tələblərə uyğunlaşdırıldığı vurğulanmışdır.
İclas yekun mərhələdə geniş fikir mübadiləsi ilə davam etdirilmiş, qarşıdakı illərdə universitetin elmi-pedaqoji fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi, təhsil prosesinin müasir tələblərə uyğun təkmilləşdirilməsi və tələbə yönümlü yanaşmanın daha da gücləndirilməsi zəruriliyi vurğulanmışdır.
Nəticə etibarilə, iclas müzakirələrin yekunlaşdırılması ilə başa çatmış və 2025–2026-cı tədris ilində Odlar Yurdu Universitetinin qarşıya qoyduğu məqsəd və vəzifələrin icrası üçün mühüm istiqamətlər müəyyənləşdirilmişdir.