OYK-da 2025–2026-cı tədris ilinin açılış mərasimi keçirilmişdir

22 Sentyabr, 2025

OYK-da 2025–2026-cı tədris ilinin açılış mərasimi keçirilmişdir
22 sentyabr 2025-ci il tarixində Odlar Yurdu Kollecində 2025–2026-cı tədris ilinin açılış mərasimi təşkil olunmuşdur.
Tədbir iştirakçıları salamlandıqdan sonra mərasimin rəsmi hissəsi elan edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Daha sonra söz Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, millət vəkili, professor Samir Vəliyevə verilmişdir. Professor Samir Vəliyev kollecin bütün tələbə və professor-müəllim heyətini yeni tədris ilinin başlanması münasibətilə səmimi-qəlbdən təbrik etmişdir. O, çıxışında bildirmişdir ki, yeni tədris ili hər bir tələbə üçün bilik, bacarıq və təcrübə qazanmaq yolunda yeni imkanlar açır.
Professor Samir Vəliyev vurğulamışdır ki, Odlar Yurdu Kolleci yalnız tədris məkanı deyil, həm də tələbələrin yaradıcılıq potensialını, analitik düşüncə qabiliyyətini və praktiki vərdişlərini inkişaf etdirən mühüm elm və təhsil ocağıdır. Onun sözlərinə görə, müasir dövrdə uğur qazanmaq üçün tələbələr təkcə nəzəri biliklərlə kifayətlənməməli, həm də əmək bazarının tələblərinə cavab verən praktiki bacarıqlara, geniş dünyagörüşə və innovativ düşüncəyə sahib olmalıdırlar. Bu baxımdan, Odlar Yurdu Kollecində tədris proqramlarının beynəlxalq standartlara uyğun təşkili və təcrübə imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Açılış mərasimi yekunlaşdıqdan sonra TGT, THİK və TEC nümayəndələrinin müşayiəti ilə yeni qəbul olunmuş tələbələr auditoriyalara yola salınmışdır. Onlar üçün gün ərzində kollecin fəaliyyəti, təhsil mühiti və tələbə həyatı ilə bağlı xüsusi tanışlıq proqramı təşkil edilmiş, gənclərə kollecin imkanları, qaydaları və gələcək perspektivləri ətraflı təqdim olunmuşdur.
Beləliklə, Odlar Yurdu Kollecində 2025–2026-cı tədris ilinə böyük ruh yüksəkliyi və gələcəyə inamla başlanılmışdır.