Odlar Yurdu Universiteti hər zaman tələbələrinin akademik və praktiki inkişafına xüsusi önəm verir və onların nailiyyətləri ilə fəxr edir. Bunun daha bir bariz nümunəsi universitetimizin Biologiya ixtisasının 4-cü kurs tələbəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Həsən Qurbanlının əldə etdiyi uğurdur.
Həsən Qurbanlı Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkil etdiyi könüllülük çərçivəsində keçirilən ilkin seçim mərhələsini uğurla keçərək yüzlərlə namizəd arasından seçilən 50 nəfərdən biri olmuşdur. Seçim zamanı iştirakçıların dünyagörüşü, tibbi bilikləri və elmi hazırlığı əsas meyarlar kimi qiymətləndirilmişdir.
Davam mərhələsində keçirilən 31 sualdan ibarət imtahanda yüksək nəticə göstərən tələbəmiz institutun təcrübə proqramına qəbul olunmuşdur. Təcrübə müddətində Həsən Qurbanlı “Nevropatologiya” şöbəsində tanınmış mütəxəssis Dr. Sürəyya Qasımovanın rəhbərliyi ilə biliklərini praktik bacarıqlarla birləşdirərək peşəkar inkişaf imkanı qazanmışdır.
Onun təşəbbüsü ilə təqdim olunan “Təcrübə Layihəsi” və “Kardioskopiya Layihələr Paketi” proqramda xüsusi maraq doğurmuş, yüksək qiymətləndirilmişdir.
Nəticədə, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun yekun dəyərləndirmə iclasının qərarı ilə Həsən Qurbanlı fərqlənmə sertifikatı ilə təltif edilmişdir.
Bu uğur tələbəmizin bilik və bacarıqlarının, elmi marağının və məsuliyyətli yanaşmasının göstəricisi olmaqla yanaşı, onun gələcəkdə tibb sahəsində daha böyük nailiyyətlər qazanacağına inam yaradır.
Odlar Yurdu Universiteti tələbələrinin uğurlarını dəstəkləməkdən qürur duyur və onlara yeni zirvələr arzulayır!