OYU-da “Universitet Liqası” çərçivəsində Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin, həmçinin “Xəzər İntellektual Gənclər Klubu”nun birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Bilik Kubokunun ilk seçim turu keçirilmişdir.
Odlar Yurdu Universitetində təşkil olunan bu yarışın əsas məqsədi tələbələrin intellektual inkişafını stimullaşdırmaq, analitik və məntiqi düşünmə bacarıqlarını formalaşdırmaq, eyni zamanda komanda işi və elmi yaradıcılıq vərdişlərini təşviq etmək olmuşdur. Yarış zamanı tələbə komandaları müxtəlif mövzuları əhatə edən suallara cavab verərək biliklərini, çevikliyi və düşüncə dərinliklərini nümayiş etdirmişlər.
Layihə ümumilikdə ölkənin paytaxt və regionlarında fəaliyyət göstərən 25-dən artıq ali təhsil müəssisəsini bir araya gətirir. Bu ali təhsil ocaqları sırasında Odlar Yurdu Universiteti və Odlar Yurdu Kolleci də uğurla təmsil olunmuşdur.
Odlar Yurdu Universiteti daim gənclərin intellektual və elmi potensialının üzə çıxarılması, onların yaradıcı düşüncə tərzinin inkişaf etdirilməsi və analitik bacarıqlarının təkmilləşdirilməsi istiqamətində sistemli fəaliyyət həyata keçirir. Bu kimi intellektual təşəbbüslər universitet tələbələrinin biliklərinin praktik tətbiqinə, elmi mühitdə rəqabət qabiliyyətinin artırılmasına və milli gəncliyin düşünən, araşdıran və yaradan nəsil kimi formalaşmasına mühüm töhfə verir.